“Azərbaycan sülh müqaviləsinə təzminat məsələsini də daxil etmək istəyir”.
"Vətən səsi" xəbər verir ki, bu barədə erməni politoloq Davit Karapetyan deyib. Rəsmi Bakının 44 günlük müharibədən sonra təzminatla bağlı tələbini bir neçə dəfə səsləndirdiyini deyən Karapetyanın sözlərinə görə, bu barədə Ermənistanın hakim dairələrində də müəyyən məlumatlar var: “Rəsmi Bakının tələbləri sırasında təzminat məsələsi, eləcədə, 8 kəndin qaytarılması, Zəngəzur dəhlizinin açılması, yaxud Naxçıvana maneəsiz keçidin təmin edilməsi, Qərbi azərbaycanlıların geri dönüşü əksini tapıb. Hətta məlumatlar var ki, sülh müqaviləsinə təzminatla bağlı ayrıca bənd daxil ediləcək. Mənə elə gəlir ki, bu barədə danışılanlar çox ciddi mənbələrdən gələn məlumatlardır”.
Qeyd edək ki, Azərbaycanın işğal dövründə sərvətimizi və maddi-mədəni irsimizi taladığı, şəhərləri, qəsəbələri, kəndləri viran qoyduğu üçün Ermənistana təzminat davası açması aktual məsələlərdəndir. Həmçinin Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin artilleriya zərbələri nəticəsində döyüş bölgəsindən çox-çox uzaqlarda - Ağdam, Tərtər, Bərdə, Gəncə və digər ərazilərdə mülki əmlaka və obyektlərə ölçüyədəyməz dərəcədə zərər vurulub, dinc sakinlər həyatını itirib. Buna görə də Ermənistandan tələb olunan təzminat dedikdə söhbət yüz milyardlarla dollar dəyərində dəymiş ziyandan gedir.
Davit Karapetyan hesab edir ki, Ermənistan hakimiyyətinin apardığı siyasət Azərbaycanın təzminat tələbinin qəbul edilməsi ilə nəticələnə bilər.
Elxan SALAHOV