27.06.2025, 18:19
AZ EN
27.01.2024, 13:01 275

Ceyhun Məmmədov: "Cəbrayıllılar da ən qısa vaxtda öz doğma yurdlarına köç edəcəklər"

XƏBƏRLƏR
  • Təəssüf ki, bir neçə gündür Cəbrayıl şəhərinin layihəsi ilə bağlı sosial şəbəkələrdə həqiqəti əks etdirməyən mülahizələr yürüdülür.

Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov bununla bağlı sosial şəbəkə hesabında məsələyə münasibətini ifadə edib. O, bildirib ki, bu iş barədə  dəqiq məlumatı olmayan şəxslər müxtəlif mülahizələr yürüdür, əsassız şərhlər yazırlar. Hazırkı həssas məqamda belə dedi-qodu yayan insanlara əhəmiyyət vermək lazım deyil.

Millət vəkili bildirib ki, məlum olduğu kimi, bu gün işğaldan azad olunmuş bütün ərazilərdə böyük quruculuq və bərpa işləri həyata keçirilir: "Artıq Ağalıda, Laçında və digər rayonlarımızda insanlarımız məskunlaşıb və bu gün Cəbrayılda da quruculuq işləri sürətlə həyata keçirilir. Bir müddətdir bu barədə ictimaiyyətə də məlumat verilir və bərpa işlərinin sürətlə getdiyinin şahidiyik. Hazırda Cəbrayılda 33 yaşayış binası tikilir, ən yüksək formada. Bu binalar 4,5 mərtəbədən ibarət olacaq. Bu binalarda 712 mənzil olacaq. Eyni zamanda burada 2158 nəfər keçmiş məcburi köçkünün məskunlaşması planlaşdırılır. Hazırda işlər sürətlə həyata keçirilir. Qeyd etdiyim kimi, digər rayonlarımızla bərabər köçün ən qısa vaxtda həyata keçməsi üçün dövlət qurumları ən müvafiq tədbirlər həyata keçirir, addımlar atırlar. İlkin mərhələdə hesab edirəm ki, bu böyük bir rəqəmdir. Artıq yayılan şəkillərdə, videolarda da göründüyü kimi, demək olar ki, binaların tikintisi hazırdır. Burada quruculuq, tikinti, bərpa vı təmir işləri həyata keçirilir.  Bu isə onu deməyə əsas  verir ki, artıq yaxın günlərdə, yaxın aylarda cəbrayıllılar da öz doğma yurdlarına köçəcəklər".

C.Məmmədov daha sonra əlavə edib: "Eyni zamanda qeyd edək ki, bu gün Cəbrayıl məktəbi də inşa olunur. Xəstəxananın inşası ilə bağlı addımlar atılır. Yəni yollar çəkilib, elektrik enerjisi ilə təchiz olunub. Bütün bunlar cənab Prezidentin güclü iradəsinin və bu istiqamətdə dövlətimizin prinsipial mövqeyinin göstəricisidir. Tam əminliklə deyə bilərik ki, cəbrayıllılar da ən qısa vaxtda öz doğma yurdlarına köç edəcəklər. Bunun üçün dövlətimiz bütün addımları atır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər