27.06.2025, 18:26
AZ EN
10.01.2024, 13:52 361

Erməni separatçıları yenidən fəallaşmaq istəyir

XƏBƏRLƏR
  • Separatçı Samvel Şahramanyan ötən ilin dekabrında qondarma qurumun ləğvi barədə imzaladığı “fərman”ını geri götürüb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. Bildirilir ki, rəsmi İrəvanın narazılığına baxmayaraq, Şahramanyan ötən ilin sentyabrında imzaladığ “fərman”ı ləğv edən "qərar"a imza atıb. Məlumata görə, "qərar" dekabrın 10-da imzalanıb və bir nüsxəsi Ermənistanın Baş naziri Nikol Paşinyana göndərilib.

Nəşr qeyd edir ki, yeni “qərar” Şahramanyanın saytında yox, ləğv edilmiş qondarma qurumun “informasiya xidməti”nin "Facebook" səhifəsində erməni, rus və ingilis dillərində dərc edilib. Baxmayaraq ki, separatçıların ölkə ərazisində açıq fəaliyyətlərində maraqlı deyil. Bu səbəbdən də Şahramanyan əvvəlki “fərman”ı geri götürdüyünü açıq mətnlə bəyan etməkdən çəkinir: “Samvel Şahramanyan Ermənistan hakimiyyətinin təhdidlərini nəzərə alaraq bunu ictimaiyyətə açıqlamaq fikrində deyil. Rəsmi İrəvan bunun Ermənistana təhlükə yaradacağından və Azərbaycanla sülh müqaviləsinin imzalanmasına mane olacağından ehtiyatlanır. Şahramanyan isə hələlik susur və siyasi passivliyi qoruyub saxlamaq qərarına gəlib”.

Separatçı qurum ötən il sentyabrın 19-da Azərbaycan ordusunun birgünlük antiterror tədbirlərindən sonra ləğv edilib. Bundan sonra Ermənistana üz tutan separatçılar “rejim”i bərpa etməyə çalışırlar.

Azərbaycanda isə əksəriyyət hesab edir ki, antiterror tədbirləri zamanı qorxuya düşən separatçıların qondarma rejimin buraxılmasını elan edərək Ermənistana qaçmasından sonra yenidən dirçəlmək üçün cəhdlər edəcəkləri gözlənilən idi. Ekspert Azər Bayramov bildirir ki, indiki halda separatçıların Azərbaycan üçün hər hansı təhlükəsi olmasa da, gələcəkdə revanş hissi ilə yaşayan ermənilərin fəallaşması mümkündür: “Amma bu, təkcə Azərbaycana qarşı təhlükə deyil, Ermənistan üçün də müəyyən problemlər yaradır. İndiki şəraitdə separatçıların Paşinyan hakimiyyətinə qarşı təhlükə mənbəyinə çevrilməsi çox realdır. Ola bilsin ki, separatçılar havadarlarından dəstək vədi alaraq belə addımlar atmağa cəsarətləniblər. Belə vəziyyətdə separatçılar Azərbaycandan çox Ermənistanın indiki hakimiyyəti üçün təhlükə mənbəyinə çevrilirlər. Çünki hazırda Ermənistanda siyasi durum onsuz da kövrəkdir, ölkə daxilində hərc-mərclik var. Bu qarışıqlıqdan istifadə edən separatçılar İrəvanda hakimiyyət çevrilişinə də cəhd göstərə bilər”.

Separatçıların sonuncu liderinin qondarma rejimin buraxılması barədə ötən ilin sentyabrında imzaladığı “fərman”ı geri götürməsinə gəlincə, ekspertin fikrincə, istənilən halda, Azərbaycan həm separatçılara, həm də Ermənistan hakimiyyətinə bununla bağlı xəbərdarlıq etməlidir”.

Elxan SALAHOV

Oxşar xəbərlər