17.06.2025, 06:54
AZ EN
16.01.2023, 12:50 499

“Onun qismətinə dünyaya qaçqın ailəsində təvəllüd tapmaq yazılıbmış...” - Akademik Rafael Hüseynov yazır

XƏBƏRLƏR
  • “...Uşaqlığında, yeniyetməliyində, hətta bəzən sən dünyaya gələnəcən mənsub olduğun şəcərənin, ailənin həyatında baş verənlər sanki sonra sənin ömrünü, taleyini yönəldir, vaxt ötdükcə dünən cizgi kimi olanlar qabarıqlığı ilə, böyük ölçülərdə üzə çıxır”. Bu sətirlər akademik Rafael Hüseynovun “525-ci qəzet” dərc edilmiş “Heydər Əliyevi HEYDƏR ƏLİYEV edən” başlıqlı geniş və dərin məzmunlu məqaləsindəndir. Məqalədə Ulu Öndərin mənsub olduğu ailənin üzləşdiyi qaçqınlıq, onun özünün doğma yurd-yuvasını itirib məcburi köçkünlük yaşayan həmvətənlərimizə münasibəti barədə də maraqlı faktlar vardır...   

Rafael Hüseynov yazır: “Heydər Əliyevin ömür sarayının ilk kərpicləri düzüləndə, səmalarda onun nəsibinin necə olacağının nəqşəsi tutulanda özü hələ heç dünyaya gəlməmişdi. Onun qismətinə dünyaya qaçqın ailəsində təvəllüd tapmaq, irsən qaçqın kimi doğulmaq yazılıbmış. Məhz qaçqın! Baxmayaraq ki, ata-anasının doğulduğu, böyüdüyü yurdlar da Azərbaycanınkı idi, onların həyatlarını xilas etməkçün ümid yeri sayaraq sığındıqları Naxçıvan da Azərbaycan idi. Ancaq Zəngəzuru Azərbaycandan qoparıb vermişdilər Ermənistana və dədə-baba yurdu çevrilib olmuşdu rəsmən özgə yer. Öz ellərindən öz ellərinə köç etmişdilər, ancaq bu didərginliyin adı məcburi köçkünlük yox, elə qaçqınlıq idi.

İlahi Qələm Sahibindən savayı, kim təsəvvür edə bilərdi ki, 70 il keçəcək, dünya məhvərindən çıxıbmış kimi ağlasığmaz dərəcədə dəyişəcək və həyata qaçqın ailəsində gəlmiş bir insana XX əsrin bitəcəyində sayı bir milyona çatan qaçqın və məcburi köçkünün iztirablarını öz dərdi kimi yaşamaq, bu düyünü açmaq yolunda gecə-gündüz çalışmaq ali vəzifəyə dönəcək”.

Sonra müəllif bu ilin yanvarında əslən zəngəzurlu olan Vüqar Baxşəliyevin ona göndərdiyi məktubdan söz açır. Məktubda öz nəsil-nəcabəti haqqında məlumat verən Vüqar yazır: "Ata tərəfim Comərdin nəslindən - Şahgəldi bəydən, ana tərəfim Alagöz Məhəmmədin törəmələrindən - dəyirmançı Adıgözəl kişinin nəslindəndir. Yəni bizim kənd iki qardaşın törəməsi - Comərd bəylə Alagöz Məhəmməd bəyin budaqlarıyıq. Babalarımızın dediyinə görə, onların da atası Alı kişi Güney Azərbaycanda Urmu gölü ətrafındakı Qaradağlar xanlığındandır. Rəhmətlik Həsən Əliyevin (1907-1993 - R.H.) dediyinə görə, Alı bəy oğlanlarını o zaman Səmərqənddə həm dini, həm hərbi təhsil almağa göndəribmiş. Nadir şah xanədanı dağılandan sonra Qarabağ xanı bunların sorağını alınca öz yanına dəvət edir. Bunlar da gəlib ilk öncə Hindarxıda məskən salmışlar, sonra da xanın yanında Şuşada dövlət qulluğunda olmuşlar. Zəngəzura gəlmələrinin səbəbi isə xanla aralarında yaranan hüsumətdən irəli gəlmişdir. Bunu atam Əli kişi belə nəql edərdi. Atam 1910-da anadan olmuş, 1997-də burada, Bakıda Badamdar qəbiristanlığında dəfn edilib, anam da 1920 təvəllüdlü idi, 1992-də rəhmətə getdi".

Rafael Hüseynov bu həm yaxın, həm də uzaq tarixə istinadən qeyd edir ki, Heydər Əliyevin uluları, ata-babaları haqqında gerçəkləri yaddaşında daşıyan ağsaqqallar hələ bizimlədirlər və onlar varsa, dünənin həniri daha yaxından duyulur.

Atasının, babasının Heydər Əliyevin ata-anasını, həm ata, həm ana tərəfdən nənələrini, babalarını öz gözləri ilə gördüklərini, onlarla oturub-durduqlarını, söhbətləşdiklərini xatırladan Vüqar Baxşəliyev məktubunda daha sonra yazır: "Mənim ana babam Adıgözəl kişi həm Alırza kişinin (Adətən, biz Əlirza yazırıq. Amma məncə, Vüqar Baxşəliyevin - köhnə comərdlinin səsləndirməsi daha doğrudur. Çünki Comərdlidə "Əli" adı elə "Alı" kimi deyilib - R.H.) birinci nikahdakı zövcəsi Narıngülün, həm də ikinci həyat yoldaşı İzzətin əmisi oğludur, yəni bunlar əmiuşağıdırlar - Alagöz Məhəmmədin nəslindəndirlər. O zaman Hacı Cəfərqulunun qızı olan İzzət xanım bizim kənddən haradasa 10 kilometr olan Sisian kəndinə Əbülfəz adında bir kişiyə ərə gedir. İndi hal-hazırda o kəndin adı Hasavandır. 1918 qırğınlarında Andranik oranı viran etmişdi. Sonradan sovet dövründə indiki rayon mərkəzinin adını dəyişib Sisyan qoydular, əsl adı isə Qarakilsədir. Həmin qırğınlar zamanı İzzət xanım yoldaşı Əbülfəz, bir də balaca qızları Surə ilə bizim kəndə gəlirlər. Andranik bizim kəndə də hücum edərkən güclü müqavimətlə qarşılanıb. Atamın əmisi qızı Hürrü, nənəmin yoldaşı Əbülfəz baba danışırdı ki, o zaman kəndimizdə Əlimərdan adında bir kişi varmış - bizim tarix müəllimi Kərəm müəllimin babası olmuş. Həmin bu Əlimərdan kişi, deyilənlərə görə, 1915-ci ildə, Birinci Dünya müharibəsində Osmanlı ordusunda çavuş imiş. Döyüş təcrübəsi olan Əlimərdan kişi kəndimizin əli silah tutan cavanlarını yığıb müqaviməti təşkil edir. Hətta nənəm - anamın anası Tavat arvad danışırdı ki, Əlimərdan o zaman Türkiyədən digər sursatı ilə bərabər, 20-yə yaxın osmanlı mauzerləri, tüfənglər gətizdirib kəndin cavanları ilə təlim də keçmişdi. Əbülfəz baba söyləyirdi ki, ermənilər hücum edərkən bizimkilər bu tüfənglərdən atəş açanda Andranik atəşin səsindən elə zənn edib ki, kəndimizdə türk əsgərləri var. Ancaq qüvvələrinin bərabər olmadığına görə bizim camaat oranı tərk etməyə məcbur qalıb. Elə həmin hadisələr zamanı da İzzət xanımın həyat yoldaşı Əbülfəz, qardaşı Heydər şəhid düşüblər. Alırzanın xanımı - Həsən Əliyevlə Hüseyn Əliyevin (1911-1991 - R.H.) anası Narıngül də bu müsibətlər əsnasında, eşitdiyimizə görə, tif xəstəliyindən vəfat edir. Comərdli ağsaqqalların da məsləhəti ilə Alırza kişi İzzət xanıma elçi düşərək onunla ailə qurur. 

Bizim kənddə bütün yaşlılar rəhmətlik Həsən Əliyevə əmioğlu, gənclərsə Həsən əmi deyə müraciət edərdilər. Yaxşı yadımdadır, 1978-də Həsən əmi bizim kənddə qonaq olanda bir çox kişilər Həsən əmiyə kəndimizə gəlməsi münasibətilə ziyafət verdilər. O zamanlar kəndimizin çox yaxşı vaxtları idi".

Rafael Hüseynov sadə bir insanın, ömründə qaçqınlıq yarasının izi olan köhnə comərdlinin məktubuna gen-bol yer verməsinin belə izah edir: “...Bunlar canlı şahidin səsidir, dünəni bilməyən, ya bilərəkdən bulanıq göstərməyə çalışan bədniyyətlərin eşitməli olduqları həqiqətlərdir.

Tanınmış alim-tədqiqatçı 1998-ci ilin sentyabr-oktyabr aylarında növbəti prezident seçkiləri ərəfəsində Heydər Əliyev Azərbaycan boyu səfərə çıxdığını xatırladır və yazır:  “Əvvəldən sonacan həmin səfərdə onu müşayiət edən dəstənin içərisində mən də vardım - həm rəsmən prezidentliyə namizədin vəkili kimi, həm də gördüklərimi, təəssüratlarımı elə o günlər ərzində yazılaşdıraraq mətbuatda işıqlandıran bir qələm adamı kimi.

Hansı rayona gedirdisə, mütləq qaçqınlarla-köçkünlərlə ayrıca görüşürdü. O dövrdə bu insanların vəziyyəti ürəkparçalayacaq qədər ağır idi. Yayın qızmarında, payızın saqqız kimi palçığında, yağışında-küləyində, qışın qarında-sazağında onlar faciə binələri kimi sıralanan çadır şəhərciklərində yaşamağa məhkum idilər.

Heydər Əliyev onlarla sadəcə bu insanların halına yanan, onlara dayaq durmağa var gücü ilə çalışan bir dövlət başçısı kimi danışmırdı. Hər dəfə onların halına öz ailəsinin, valideynlərinin, qohum-əqrəbasının yaşamış olduğu nisgillərdən bələd olan həmdərd kimi yana-yana, onların doğması kimi danışırdı.

Bir çadırın böyründə sac üstündə fətir açan qadına yaxınlaşınca həmin xanım oxlovla isti fətiri götürüb Heydər Əliyevə sarı uzatdı. Hava yetərincə sazaqlı idi və Heydər Əliyev fətirin soyumasını gözləmədən, sanki bu istiliyi canına çəkmək istəyirmiş kimi, dərhal əli yana-yana bir parça kəsdi, iştahla yeməyə başladı və qayıtdı ki, mən balaca uşaqdım, hələ heç öz evimiz yox idi, balaca bir mənzildə kirayənişin yaşayırdıq, anam da həyətdə bu cür yuxa bişirərdi. Sağ olun, o dadı, o günləri xatirimə gətirdiniz. İnşallah, sizin də öz həyətinizdə elə belə sac açacağınız günlər də gələcək!

Heydər Əliyev bilgin insandı, zəngin təcrübə sahibi idi, ilk dəfə rast düşdüyü istənilən şəraitdə həmin məqama uyğun inandırıcı söz deməyə qadir bir şəxsiyyət idi. Amma Heydər Əliyevin müstəsnalığının bir vacib tərəfi də bundaydı ki, o, həyatın hər üzünü görmüşdü və məhz yaşadıqlarını söylədiyindən heç bir sözü qəlp səslənmirdi, ürəyin dibindən gəlirdi, bu üzdən də onu hər kəs özünə yaxın, simsar kimi qəbul edirdi, sözünün hərarətinə isinir, həqiqətinə iman gətirirdi”.

Məqalədə akademik Rafael Hüseynov Ulu Öndərin uşaqlıq və gənclik dövrü ilə bağlı bir sıra yeni faktlard da diqqətə çatdırır. Məqaləni tam halda aşağıdakı linkdən oxumaq olar:

https://525.az/news/211064-heyder-eliyevi-heyder-eliyev-eden--rafael-huseynov-yazir

Oxşar xəbərlər

SON XƏBƏRLƏR