26.09.2025, 10:14
AZ EN
18.09.2025, 16:11 137

Avropa Məhkəməsi Köçəryanla Sərkisyanı cinayətkar kimi tanıdı

XƏBƏRLƏR
  • Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın cinayətkar olduğunu bu gün dərc edilən qərarı ilə təsdiqləyib. Söhbət 2008-ci il 1 mart hadisələrindən gedir.

"Vətən səsi"nin məlumatına görə, Avropa Məhkəməsi təsdiqləyib ki, 17 il əvvəl baş vermiş həmin cinayət zamanı Ermənistan dövləti öz vətəndaşlarının yaşamaq hüququnu pozub. Ermənistanın “Respublika Naminə” Partiyasının sədri Arman Babacanyan AİHM-nin qərarını şərh edərkən bildirib ki, Avropa Məhkəməsi 1 mart qurbanlarının ölümünə görə dövlətin məsuliyyətini müəyyən edib. Partiya sədrinin sözlərinə görə, Avropa Məhkəməsinin bu qərarı Ermənistan üçün uzun illər tapdanmış haqqın bərpasıdır: "Bəlli olur ki, dövlət nəinki vətəndaşların yaşamaq hüququnu pozub, həm də illər boyu həmin həqiqəti gizlətməyə çalışıb. Bu, təkcə hüquqi sənəd deyil, eyni zamanda cinayətkar rejimin öz hakimiyyətini qoruyub saxlamaq üçün vətəndaşların qətlinə əl atan sistemə qarşı siyasi-mənəvi hökmdür. Hansı ad altında və nə qədər gizlənməyə çalışsalar da, bu qərar birmənalı olaraq qətllərin siyasi qərarlarla şərtləndiyini göstərir. Həmin qərarların daşıyıcıları və sifarişçiləri Robert Köçəryan və Serj Sərkisyan olub. Onlar Konstitusiya quruluşunun pozulmasına və dövlətin zorakılıqla ələ keçirilməsinə görə məsuliyyət daşıyırlar”.

Babacanyan keçmiş prezidentlər Köçəryan və Sərkisyanı “cəzasız qalmış cinayətkarlar” adlandırıb. O, hazırkı Baş nazir Nikol Paşinyanı və onun hökumətini onlara qarşı sərt addımlar atmağa, bu cinayətkarları həbs etməyə çağırıb: “Ermənistan diktaturanın kölgəsindən təmizlənməlidir. Köçəryanın, Sarkisyanın və onların siyasi irsinin dövlətçiliyimizdə yeri yoxdur. Demokratiya müdafiə tələb edir və bu müdafiə məsuliyyətdən başlayır. Əmin olmalıyıq ki, bu ölkənin gələcəyi artıq cəzasızlıq və zorakılıq əsasında qurulmayacaq”.

Xatırladaq ki, AİHM 1 mart hadisələri ilə bağlı “Fərmanyan Ermənistana qarşı” işi üzrə qərarını dərc edib. Məhkənə 17 il əvvəl törədilmiş hadisələr zamanı o zamankı hakimiyyət tərəfindən bir sıra qanun pozuntularını qeydə alıb. Müəyyən edilib ki, zərərçəkmişlərdən 7-nin yaşamaq hüququ pozulub.

“Dövlətin istifadə etdiyi ölümcül güc hədsiz dərəcədə zəruri ola bilməzdi. Ölümlərə səhv planlaşdırılan əməliyyat, silahdan qeyri-adekvat istifadə, habelə ölümcül gücdən ehtiyatsız və qeyri-mütənasib istifadə səbəb olub. Ölüm hallarının araşdırılması zamanı qanun pozuntularının olduğu müəyyən edilib. Dövlət qurbanların ölüm halları ilə bağlı səmərəli, qərəzsiz və hərtərəfli araşdırma apara bilməyib” - deyə, AİHM-nin bu gün dərc edilən qərarında bildirilir.

Qərarda o da qeyd olunur ki, Ermənistan dövləti məhkəməyə lazımi məlumatların verilməsi üzrə öhdəliklərini yerinə yetirməyib. Avropa Məhkəməsi yekun araşdırmalardan sonra belə qərara gəlib ki, Ermənistan dövləti mənəvi ziyana görə təzminat kimi hər ərizədə zərərçəkmişlərin yaxınlarına 30 min avro ödəməlidir. Bundan əlavə, məhkəmə məhkəmə xərcləri və rüsumlar üçün ərizəçilərə ümumilikdə 35 000 avro təyin edilməsinə qərar verib.

2008-ci il fevralın 19-da Ermənistanda prezident seçkiləri keçirilib. Seçkilərdə o zamankı prezident Rovert Köçəryanın namizədi Serj Sərkisyan qalib elan olunub. Müxalifət nəticələri saxtalaşdırılmış hesab edərək, İrəvanda kütləvi etiraz aksiyalarına başlayıb. Martın 1-də polis və ordu nümayişçilərə qarşı güc tətbiq edib. Toqquşmalar nəticəsində 10 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

Elxan SALAHOV

Oxşar xəbərlər