06.05.2025, 14:09
AZ EN
06.05.2025, 10:48 208

“Biz yatmırıq” Paşinyanı rahat buraxmır

XƏBƏRLƏR
  • Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın impiçment məsələsi müzakirəyə çıxarıla bilər. “Biz yatmırıq” vətəndaş hərəkatı bununla bağlı siyasi dairələrdə içtimai təbliğat kampaniyasına başlayıb. Məsələ artıq geniş ictimaiyyətdə ciddi müzakirə obyüktinə çevrilməkdədir. 

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, son günlər bu məsələnin parlamentdə təmsil olunan deputatlar tərəfindən parlamentdə də qaldırılıb. Hətta hakim partiyanın nümayəndələri də Paşinyana qarşı impiçment tələbinə münasibət bildirərkən bundan narahat olduqlarını gizlətməyiblər.

“Biz yatmırıq” vətəndaş hərəkatının təşəbbüskarı Edqar Kazaryan sosial şəbəkələrdə məlumat yayaraq parlamentdə Baş nazirə etimadsızlığın ifadəsi olan impiçment prosesinin uğurla başa çatacağına əminliyini bildirib: “Məndə belə təəssürat yaranır ki, impiçmentin əleyhinə olanlar onun uğursuzluğundan deyil, uğurundan narahatdırlar. Bu proses mütləq müvəffəqiyyətlə başa çatacaq - bütün rəqibləri məğlub etməklə. Heç kim öz xırda ambisiyalarını, maraqlarını rəhbər tutaraq xalqın iradə və istəyi qarşısında müqavimət göstərə bilməz. Xalq isə Nikol Paşinyanın istefasını istəyir”.

Ermənistan mətbuatı Paşinyanın impiçment məsələsinin parlamentdə ikinci dəfədir səsləndirildiyinə diqqət çəkir. Bildirilir ki, bir neçə ay əvvəl “Biz yatmırıq” vətəndaş hərəkatının təşəbbüskarları Edqar Kazaryan və Narek Malyan Paşinyana etimadsızlıq təşəbbüsü ilə çıxış edərək parlamentin deputatlarına məktublar göndəriblər. İndi isə həmin müraciətlərin nəticəsi olaraq məsələ yenidən aktuallaşıb. Baxmayaraq ki, bu məsələ Ermənistandakı müxalif qüvvələr tərəfindən də dəstəklənmir. Paşinyan hökumətinin qatı əleyhidarlarından biri, parlamentdəki “Ermənistan” fraksiyasının rəhbəri, sabiq müdafiə naziri Seyran Ohanyan da indiki şəraitdə Paşinyana qarşı impiçment elan etməyin uğursuz olduğunu söyləyib.

Xatırladaq ki, beynəlxalq qanunlara və təcrübəyə əsasən, impiçment bələdiyyə və ya dövlət icraatında olan şəxslərin, o cümlədən dövlət başçısı cinayət məsuliyyətinə cəlb edilməklə vəzifəsindən uzaqlaşdırılmasını nəzərdə tutan prosedurdur. Rəsmi müraciətin qeydə alınması ilə başlayan prosedur qanunverici orqanda bir neçə mərhələdə müzakirə edilir. Əgər parlament dövlət başçısının impiçmentinə razılıq verirsə bununla bağlı çıxarılmış qərar ən yüksək məhkəmə istansiyasına təqdim olunur. Məhkəmə məmurun günahkar olduğunu sübuta yetirdiyi təqdirdə  onun vəzifəsindən kənarlaşdırılması, hətta həbsi haqqında qərar çıxarırır.

Son onilliklərdə impiçment nəticəsində 4 ölkə başçısı vəzifəsindən uzaqlaşdırılıb ki, bunun da ikisi    Braziliyanın payına düşür. Prezident Fernando Color 1992-ci ildə, Dilma Rousseff isə bundan 14 il sonra impiçmünt yolu ilə vəzifəsindən uzaqlaşdırılıb. İndoneziyada belə hal 2000, Litvada isə 2004-cü ildə təkrarlanıb.

Ermənistanda isə bu məsələ müxalif liderlərin özlərinin etiraf etdikləri kimi, real görünmür. Çünki Ermənistan qanunveriliciyinə əsasən, baş nazirə etimadsızlıq səsverməsi parlamentin ən azı 36 üzvünün prosesə başlamaq üçün tələb olunan imzaları təqdim edildikdə müzakirəyə çıxarıla bilər. Prosesin uğur qazanması üçün minimum 54 səs, yəni parlament üzvlərinin sadə səs çoxluğu tələb olunur.

Keçmiş prezident Robert Köçəryana məxsus olan və ölkənin ən böyük müxalifət parlament fraksiyası sayılan “Ermənistan” partiyası Paşinyana qarşı impiçment proseduruna başlamaq üçün 28 deputatının hamısının imzasını təqdim edib. Amma prosesin təşəbbüskarları çatışmayan 8 deputatın imzasını hələ də ala bilməyib. Köçəryanın komandsası Paşinyanın hakimiyyətdən kənarlaşdırılması ideyasını dəstəkləsə də, kütləvi təzyiqə nail olmayıb. Ermənistan mətbuatı isə yazır ki, impiçment təşəbbüskarlarının gizli məqsədi var və onlar hakimiyyətə qarşı kütləvi etiraz dalğası yaratmaq imkanlarını genişləndirirlər. Bu prosesdə Rusiya da Köçəryana və onun ideyası ətrafında birləşən qüvvələrə dəstəyini əsirgəmir. Hətta Putin administrasiyası Ermənistanda informasiya gündəmi ilə işini gücləndirmək və 2026-cı ildə bu ölkədə keçiriləcək parlament seçkilərinə rusiyayönümlü siyasətçiləri hazırlamaq qərarına gəlib. Bu sahə ilə Rusiya prezidenti administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun və onun tabeliyindəki idarələrin əməkdaşlarının məşğul olacağı bildirilir.

Elxan SALAHOV

Oxşar xəbərlər