"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, Korrupsiyaya qarşı Mübarizə Məhkəməsində Ermənistanın üçüncü prezidenti Serj Sərkisyana qarşı onun müdafiə naziri olduğu dövrdə İsakov prospektində torpaq sahələrinin özgəninkiləşdirilməsi ilə bağlı cinayət işinə baxılıb. Məhkəmə onun ölkədən çıxış qadağasını 5 milyon dram girovla əvəzləşdirib.
Erməni mətbuatı yazır ki, Sərkisyana qarşı bir neçə maddə üzrə cinayət işi açılıb. Onlardan biri torpaqların qanunsuz satışı ilə bağlıdır. Həmin cinayət işi üzrə ittihamnamədə bildirilir ki, Serj Sərkisyan Yerablur hərbi panteonunun yaxınlığında yerləşən torpaq sahələrinin qanunsuz satışı ilə bağlı külli miqdarda pul mənimsəməkdə və çirkli pulların yuyulmasında şübhəli bilinir. Əslində isə bu torpaqlar panteondan kifayət qədər uzaqda yerləşir və onun adı yəqin ki, mənfi ictimai rezonans yaratmaq üçün istifadə olunur. Torpağın əsas alıcısı Çin səfirliyi olub. Müqavilə 2005-ci ildə hökumətin qərarı ilə bağlanıb və bu gün bu yerdə Çin diplomatik missiyası yerləşir. Sərkisyanın ölkədən çıxışına qadağa da məhz bu cinayət işinə görə qoyulmuşdu.
“Hraparak” qəzeti onun hakimiyyəti dövründə yüzlərlə erməni əsgərinin dinc şəraitdə ölldüyünü xüsusi vurğulayır. Bildirilir ki, hakimiyyəti hiylə ilə əlində saxlayan, xalqı və opponentlərini zorakılıqla susduran Serj Sərkisyan oğurladığı milyardlarla dollarını mənşəyi haqqında həqiqətləri gizlətməkdə davam edir: "Bu ölkənin büdcəsi hara gedib, niyə onun hakimiyyəti dövründə insanlar kasıblaşıb, yaxınları isə varlanıb. Sərkisyan bunların hamısını açıqlamalıdırr".
Elxan SALAHOV