"Vətən səsi" xəbər verir ki, türkiyəli idman yazarı Murad Aksoyun müəllifi olduğu “Qara Qarayev” kitabında Azərbaycan milli yığmasının müdafiəçisi, uzun illər “Qarabağ” Futbol Klubunun forması ilə mübarizə aparmış tanınmış futbolçu Qara Qarayevin həyat və uğur yolundan bəhs olunur. Məcburi köçkünlük dövründən keçən “Qarabağ” klubunun və eyni taleyi yaşayan futbolçunun uğur hekayəsi gənc oxucular üçün motivasiya mənbəyi kimi təqdim olunur.
Tədbirdə Gənclər və İdman naziri Fərid Qayıbov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, kitabın müəllifi, yazıçı Murad Aksoy, kitabın qəhrəmanı, tanınmış futbolçu Qara Qarayev və digər şəxslər iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən Gənclər və İdman Naziri Fərid Qayıbov futbolçunun Azərbaycan idmanına verdiyi töhfələrdən danışıb, ona gələcək fəaliyyətində uğurlar arzulayıb və kitabın ərsəyə gəlməsində əməyi olan komandaya təşəkkürünü bildirib.
Layihənin ideya müəllifi Günel Həsənova və TEAS Press nəşriyyat evinin "3 Alma" brend meneceri Arzu Cəfərova kitabın hazırlanma prosesindən, oxucuların göstərdiyi böyük maraqdan danışaraq, əməyi keçən hər kəsə, xüsusilə nəşriyyat kollektivinə təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda Qara Qarayev oxucular üçün kitab imzalayıb, iştirakçılar və azarkeşlərlə xatirə fotoları çəkdirib.