04.05.2026, 11:31
AZ EN
03.05.2026, 17:36 135

Şuşaya yağış yağır...

YARADICILIQ
  • Elçin Əbdülrəhim oğlu Mirzəbəyli 12 avqust 1967-ci ildə Lənkəranda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. "Sevil" kinoteatrının direktoru, "Sara" TV-nin "Xəbər" departamenti direktorunun müavini və redaktoru, "Üç nöqtə" qəzetinin redaktoru olub. 2015–2017-ci illərdə Lider Televiziyasında "Geosiyasət" proqramının müəllifi və aparıcısı, 2017–2019-cu illərdə Xəzər TV-də gündəlik "Xəzər Aktual" proqramının aparıcısı olub. AzTV, "Space", "Sara" telekanallarında müəllif proqramları ilə çıxış edib.

Şeirlərinə Abbas Əhməd, Xanım İsmayılqızı, Nailə Mirməmmədli, Hikmət Mirməmmədli, Hatəm Nəbioğlu və digər tanınmış musiqiçi və bəstəkarlar tərəfindən mahnılar bəstələnib. Şeirləri, esseləri və publisistik məqalələri Azərbaycan, Türkiyə, İtaliya, Özbəkistan və Rusiyada dərc olunub. 2010–2018-ci illərdə Azərbaycan və italyan dillərində yayımlanan "Via della Seta" (İpək yolu) jurnalının baş redaktoru olub. Azərbaycan Mətbuat Şurası və Yazıçılar Birliyinin idarə heyətinin üzvüdür. 2017–2024-cü illərdə Bakı Natiqlik Məktəbi İctimai Birliyinin sədri olub. Əməkdar jurnalist Elçin Mirzəbəyli hazırda Milli Məclisin deputatıdır.

Qeyd edək ki, Elçin müəllim 2020-ci ildə 44 günlük şanlı Vətən Müharibəsi gedişində Mədəniyyət Nazirliyinin AYB ilə birgə keçirdiyi vətənpərvərliklə bağlı musabiqədə şeirləri ilə qalib olub. Onun doğma yurda, Qarabağa həsr etdiyi şeirlərindən “Vətən səsi”nin oxucularına təqdim edirik.

 

Şuşaya yağış yağır...
 

Yuxum ərşə çəkilib,
Hər kirpik fırça kimi gözlərimə yol çəkir,
Yaddaşımın küncünə qonan xatirələrdən
Ürəyimə süzülür...
sözlərimə yol çəkir,
Baxışıma yol çəkir...
30 illik həsrətin
Buluduna yol çəkir,
yağışına yol çəkir...
Çəkir zülmət gecədən,
çəkir səhərə doğru,
Gözlərimi açıram “üçüncü avtobus”da,
Yollar çəkib aparır qala-şəhərə doğru...

...Hər baxışda bir ümid, hər ümiddə bir işıq,
Bir az alatoranlıq, bir az nisgil...
Qarışıq...
Duyğularım hələ də körpü çəkir həsrətə:
İlahi, indi görən nəyə bənzəyir Şuşa?
Kimə bənzəyir Şuşa?
Bəlkə son ayrılığa?
Bəlkə ilk məhəbbətə?
...Tərk edilmiş yolların geriyə dönüşünə?
Susuzluqdan çat verib qanayan dodaqların
yağışla öpüşünə?
Əsarətin sonuna...
Azadlığın dadına...
Ən əziz adamını qarşılayan qadına...

...Dağlar çənlə qolboyun,
Yollar sislə sarmaşıq...
Dəqiqələr süzülür saat əqrəblərindən,
Vaxt sınır,
zaman çökür.
Sanki uçan xalçadı nağıllar aləmində -
Şuşaya yağış yağır,
Şuşaya duman çökür...

Buludlar damla-damla
Layla deyir qalaya.
Ağaclar yallı gedir,
Dağlar durur halaya...
Şuşaya yağış yağır...

Yağış damlalarıyla
Rəqs eləyir çiçəklər.
Çiçəklərin telinə
Sığal çəkir küləklər,
Şuşaya yağış yağır...

İndi Cıdır düzündə
Süslənir xarıbülbül.
Yarıçiçək, yarıquş,
Yarıeşq, yarıbülbül...

İndi Cıdır düzündən
Ucalır cəngi səsi.
Daha şikəst deyildir
Qarabağ şikəstəsi...

Daha şikəst deyildir
Yollar, cığırlar, izlər.
Yurd həsrətli baxışlar,
Vətən sevdalı gözlər.

Şuşaya yağış yağır –
Azadlıq havasında...
Buludlar xumarlanır
Şuşanın səmasında...

...Şəhidlərin ruhu da
Sıldırım qayalardan
Şuşaya işıq saçır...
Şuşa sevgi, gözəllik,
Əzm, qürur, rəşadət...
Şuşa yaraşıq saçır.

Necə xoşbəxt görünür
Minarələr, türbələr...
Nə qaçqın var, nə köçkün,
Nə didərgin,
Dərbədər...

Damlalar rəqs eyləyir -
Dincəlir əziz Şuşa.
Vətən, yurd sevgisindən
Dirçəlir əziz Şuşa...
Şuşaya yağış yağır...

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər