Bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Dinamo” (Zaqreb) – “Qarabağ” matçı (3:0) barədə danışarkən deyib.
Funksioner komandasının futbolçularını qəhrəman adlandırıb: “Onlarla qürur duyuram. Oyunun əvvəlində hesaba alınmayan qol da vurduq. Bundan sonra hamımız həyəcanlandıq. Dəfələrlə qol imkanları da yaratdıq. Heyif ki, şans bizim tərəfimizdə olmadı. Mən komandamın yanında idim. “Qarabağ” klubunun bir parçası olmaq hissini sözlərlə ifadə etmək mümkün deyil. Bunu “Qarabağ”lı olmaq və “Qarabağ”la yaşamaq lazımdır”.
Klub rəhbəri heyətin gücləndirilməsi məsələsinə də toxunub: “Mən hər zaman komandamın yanındayam. Komandamızın güclənməsi üçün hər bir işi görürük və görəcəyik. Texniki heyətin tələbinə uyğun olaraq lazım olan transferləri gerçəkləşdirməyə hazıram”.
T.Gözəl avqustun 28-də keçiriləcək cavab görüşünü izləyə bilməyəcəyinə təəssüfləndiyini qeyd edib: “Ona heyifsilənirəm ki, Bakıdakı oyunda komandamın yanında olmayacağam. Ölkə xaricində olmaq məcburiyyətindəyəm. Amma biz bir komandayıq və inanırıq ki, Azərbaycanda da yenə gözəl oyun göstərəcəyik. Nəticədən asılı olmayaraq, Azərbaycan xalqını qürurlandıracağıq”. (AZƏRTAC)