17.06.2025, 05:03
AZ EN
14.05.2025, 10:34 236

Doğma kəndinin ilk şəhidi – Mərhəmət Əhmədov

XƏBƏRLƏR
  • Mərhəmət uşaqlıqdan hərbçi olmağı xəyal edirdi. Özünü hərbi geyimdə təsəvvür edir və bundan zövq alırdı. Elə ona görə də bu yolu seçdi, xüsusi təyinatlı oldu, torpaqlarımızın azadlığı uğrunda vuruşdu və doğmalarının da söylədiyi kimi, ən uca məqama – şəhidlik zirvəsinə ucaldı. Mərhəmət doğma kəndinin ilk şəhidi oldu. İndi iki oğul balası igid atanın şəklini qucaqlayır, bütün doğmaları onun şəhid adıyla qürur duyurlar...  

Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Mərhəmət Adil oğlu Əhmədovun doğum günüdür. O, 14 may 1991-ci ildə Şərur rayonunun Oğuz kəndində anadan olub.

Mərhəmət Əhmədov 2019-cu ilin iyun ayından 3 aylıq təlim müddətini bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlısı, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu vəzifəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Mərhəmət Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Daşaltının, Tuğ kəndinin azad olunması uğrunda gedən qanlı döyüşlərdə şücaətlər göstərib. 25 oktyabr 2020-ci ildə Şuşa istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz Şərur Şəhidlər Xiyabanında böyük izdiham və ehtiramla torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Mərhəmət Əhmədov ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə",  "Xocavəndin azad olunmasına görə” və "Şuşanın azad olunmasına görə" medalları və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Şəhidimiz ailəli idi, onun iki oğul övladı Vətənə yadigar qalıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR