01.07.2025, 22:40
AZ EN
31.03.2023, 13:50 389

Aqil Abbasın yeni kitabı təqdim edilib

YARADICILIQ
  • Azərbaycan Yazıçılar Birliyində Milli Məclisin deputatı, yazıçı Aqil Abbasın "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına" romanının təqdimat mərasimi keçirilib.

Yazıçı Seyran Səxavət, tənqidçi Əsəd Cahangir, Akademik Nizami Cəfərov, Xalq qəzetinin baş redaktoru Əflatun Amaşov, Millət vəkili Etibar Əliyev, şair Ayaz Arabaçı, yazıçı-publisist İradə Tuncay, şair Qəşəm Nəcəfzadə, yazıçı Kənan Hacı və A.Abbasın digər qələm yoldaşları və dostları təqdimatda iştirak ediblər.

Aqil Abbas jurnalistlərə açıqlamasında kitabında son illərdə Azərbaycan-Ermənistan arasında baş verən hadisələrə diqqət çəkdiyini bildirib: “ Kitab Ağdamlıların çox sevdiyi Qarabağ haqqında yazılıb. Burada Qarabağ müharibəsindən bəhs edilir. Qarabağdakı insanların həyatından, məcburi köçkünlük həyatından danışılır. 30 ildir ki, zaman keçirdi və doğulan uşaqlar Qarabağlı, Ağdamlı, Füzulili, Laçınlı... olmurdu. Bu bizim yaralı yerimiz idi. Kitabda yumorla yanaşı, böyük kədər də var. Hətta bəzi yerlərində hönkürüb ağlamaq olar. Bədii əsər olsa da, burada tarixi faktlar da yer alıb", -deyə yazıçı vurğulayıb.

Akademik Nizami Cəfərov yazıçını sərt realizminə görə Ə.B.Haqverdiyevə, Sabirə oxşatdığını bildirib: “Lirikası da satirasından heç geri qalmır.Təbiət etibarilə Aqil həm də publisistdir. Onunla danışmaq da, dalaşmaq da rahatdır. Bilirsən ki, bir şey itirməyəcəksən. Onun istənilən romanını dili sadə, aydın olduğu üçün sətirbəsətir əzbərdən deyə bilər. Böyük ədəbiyyat ilə cəmiyyətlə belə sərbəst davranan başqa bir adam yoxdur. Aqilin bu romanda da mənasız söz demək imkanı olmayıb”.

Millət vəkili Etibar Əliyev isə Qarabağ haqqında yaddaşımızın həcmini böyüdən əsərlər yazdığı üçün yazıçıya xüsusi təşəkkür edib:”Böyük Qarabağ yaddaşımızı formalaşdırdığı üçün ona təşəkkür edirəm. Aqil hər gün cammatın içində olduğu üçün sadə danışıq üslubunu ədəbiyyatına da tətbiq edib. Bu onu hamıdan fərqləndirir”.

Sonda yazıçı təqdimata gələnlər üçün kitablarını imzalayıb onlarla xatirə şəkil çəkdirib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər