26.09.2025, 02:54
AZ EN
13.08.2025, 15:38 257

CAN, QARABAĞIM

YARADICILIQ
  • Aşıq Bəstinin nəticəsi, İsayeva Qızqayıt Sərdar qızı Kəlbəcər rayonunun İlyaslar kəndində anadan olub. Uşaqlıq işlləri müharibə,  qaçqın və məvburi köçkünlük dövrünə təsadüf edən stedadlı şairə yaradıcılığa kiçik yaşlarından başlayıb, sözləri və musiqisi özünə məxsus vətənpərvər aşıq havaları yaradıb.

Otuz ilə yaxın Kəlbəcər həsrəti ilə yaşayan Qızqayıt xanımın şeirləri həsrət notları üzərində köklənsə də, əsl poeziya nümunəsidir. Şeirləri mütamadi olaraq dövrü mətbuatda və poeziya almanaxlarında, eləcə də "XXI əsrin yaradıcı qadınları", "Aşıq qadınlar Antalogiyası", “Yeni Nəsil Azərbaycan Aşıqları", “Çağdaş Azərbaycan Aşıqları" kitablarında dərc olunub. ADMİU-nin məzunudur, hazırda Kəlbəcər rayon Uşaq İncəsənət məktəbində müəllimə işləyir. Bir neçə xarici ölkələrdə ölkəmizi layiqincə təmsil edib, çox sayda mükafatlar qazanıb. Azərbaycan Aşıqlar Birliyinin, eləcə də, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.  “Bir Elin Qərib Qızı"  və "Can Qarabağım!” adlı şeirlər kitablarının müəllifidir.

İstedadlı şairə - Aşıq  Qızqayıt İsayevanın vətənpərvərlik mövzusunda qələmə aldığı və sayda ifa etdiyi  Vətən uğrunda canlarını fəda etmiş Şəhidlərimizə həsr etdiyi bir neçə şeirlərini “Vətənsəsi.az”-ın oxucularına təqdim edirik.

 

CAN, QARABAĞIM

Tamahkar oynadı sənin başında,

Gör, nələr yazıldı, qan yaddaşında?!  

Tanrı hikməti var hər bir daşında,

Müqəddəs ocağım, müqəddəs odum,

Doğma ana yurdum, can, Qarabağım!

 

Yaşanan həyatda hər anım sənsən,

Qızıldan qurulmuş sarayım, sənsən,

Yerə, göyə sığmaq harayım sənsən,

Tökülsün uğrunda, çilənsin qanım,

Doğma ana yurdum can, Qarabağım!

 

Nahaqdan uğrunda döyüşsələr də,

Başında yüz kələk, nə etsələr də,

Adını yüz dəfə dəyişsələr də,

Dəyişməz ünvanım, dəyişməz adım,

Doğma ana yurdum can, Qarabağım!

 

Gördülər hər yerin başqan qızıldı,

Sənə o günlərdən quyu qazıldı,

Neçə səlnamələr səndən yazıldı,

Yağılar əlində gedən qurbanım,

Doğma ana yurdum can, Qarabağım!

 

Neçə igidlərin qanı töküldü,

Neçə igidlərin yerə əkildi,

Qızqayıt, varlığın datra çəkildi,

Elə yaralısan, yaralı, canım,

Doğma ana yurdum can, Qarabağım!

 

ƏSGƏR BALAM

 

Qurban olum qamətinə boyuna,

Vətən keşiyində dur əsgər balam.

O gün olsun qurban kəsim toyuna,

Vətən keşiyində dur, əsgər balam.

 

Ayaqların büdrəməsin gədikdə,

Barmaqların üşüməsin tətikdə.

Ana haqqı, Tanrı haqqı dedikdə,

Vətən keşiyində dur, əsgər balam.

 

Qarı düşmən göz açmamış yuvadan,

Şahin kimi elə şığı havadan.

Sənə qüvvət versin böyük yaradan,

Düşmənin boynunu vur, əsgər balam.

Vətən keşiyində dur, əsgər balam.

 

ZƏFƏR BAYRAMI

 

Gözün aydın ana vətən,

Bu gün mənim zəfərimdi.

Məğlub olub qarı düşmən,

Bu tarixi hünərimdi.

 

Anam kimi, balam kimi,

Qorumuşam hər daşını.

Tarix boyu igidlərin,

Uca tutub ər başını.

 

Türkün səsi haqqın səsi,

Car olmuşam bu cahanda.

Qalibiyyət nişanıyam,

Bu dünyanın yaxasında.

 

Tarixi öz qanlarıyla,

Oğulların daşa yazdı.

Qəhrəmanlar yazan tarix

Tarixlərdən pozulmazdı.

 

Qızqayıt, al, çal sazını,

Qələbəmin müjdəsindən.

Yaşat şəhid arzusunu,

Cücərt xalqın ürəyindən.

 

TAPILMAYAN ŞƏHİDLƏRİM

 

Hər yaradan dərin yaram,

Tapılmayan şəhidlərim.

Sızıldayır verməz aram,

Tapılmayan şəhidlərim.

 

Hər ananın bir balası,

Şəhid oldu gül balası.

Vətənin məğrur qalası,

Tapılmayan Şəhidlərin.

 

Hansı düzümdə, Dərəmdə,

Hansı bəndimdə, bərəmdə,

Necə verib can verəndə,

Tapılmayan şəhidlərim.

 

Düşmənin qırıb yüzünü,

Harda yumub, can, gözünü.

Vətən deyib son sözünü,

Tapılmayan şəhidlərim.

 

Torpağını kəfən geyib,

Qarlar,sular axıb, yuyub.

Mələklər dəfin eyləyib,

Tapılmayan şəhidlərim.

 

Məzarınız yoxdu gedək,

Ziyarətlə borcun verək.

Tarixdəsiz bir heykəl tək,

Tapılmayan şəhidlərim

 

Ölsən yerin harasında,

Ruhun vətən səmasında.

Əmanətlər sırasında

Tapılmayan şəhidlərin

 

Qızqayıt yaz, sinə dağlar,

İtgin düşdü nər oğullar.

Sizi bütöv elim ağlar,

Tapılmayan şəhidlərim.

İtgin düşən şəhidlərim.

 

AĞLAMA, ŞƏHİD ATASI

Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atasına ithaf

 

Qan-qadalı dünyamız var,

Ağlama şəhid atası.

Bir gün haqq divan qurular

Ağlama şəhid atası.

Ağlama şəhid anası.

 

Nələr iymiş, nələr vətən,

Vətən bala dağı çəkən!.

Yüz ili bir gündə çökən,

Ağlama şəhid atası.

Ağlama şəhid sonası.

 

Bu dünyanın adətidir,

Ad sanıdır şöhrətidir.

Yaradanın hikmətidir,

Ağlama şəhid atası.

Ağlama şəhid bacısı.

 

Qızqayıt, biz bükülürük,

Yüz doğulub yüz ölürük.

Qarşınızda diz çökürük,

Ağlama şəhid atası.

Ağlama şəhid balası.

 

XUDAYAR

 

Hər iki dünyamın şöhrəti- şanı,

Adı dastan, özü dastan, Xudayar.

Şərəf tarixində Azərbaycanın,

Nəğməsiylə sözü dastan, Xudayar.

 

Polad əqidəli, Mübariz təkin,

Fəridlər yoluyla keçdin məktəbin.

Yenidən yazdınız zəfərin himin,

Sən dünyanın gözü, dastan, Xudayar.

 

Yaralı vətənin loğmanı oldun,

Otuz il həsrətin, dərmanı oldun.

Cənnət Qarabağın qurbanı oldun,

Ürəklərdə közü, dastan, Xudayar.

 

Sənə dəyən güllə sinəmə dəydi,

Qızqayıt göynədi ellər göynədi.

Müqəddəs zirvədə oldun əbədi,

Şəhid oldu yüzü, dastan, Xudayar.

 

ŞƏHİDİM MƏNİM

(Qubadlı şəhidlərinə)

 

Düşmən hiyləsini tarimar qoyan,

Vətəni qoruyan igidim mənim.

Ay ulduzlar kimi göyə ucalan,

Müqəddəs məskənli şəhidim mənim.

Sənə laylay çalım igidim mənim.

 

Azərbaycanımda gör diyar-diyar,

Boyüyüb-yetişib çox qəhrəmanlar.

Hər qarış yerində min şəhidim var.

Yenə də əyilməz biləyim mənim.

Sənə laylay çalım igidim mənim.

 

Laçın Şuşa Qubadlı dağlarında,

Elçin tək zabitlər can verib orda.

Qırıx min şəhidim var bu ana yurda.

Qanlarla yazılıb zəfərim mənim.

Sənə laylay çalım igidim mənim.

 

O, Qoruxmaz ləqəbli döyüşçü Həsən,

Şirin avazında başlayır vətən.

Polad Mübarizin bu qüdrətindən,

Dünyaya səs salıb hünərim mənim,

Sənə laylay çalım şəhidim mənim.

 

Müslümüm Hafisim qana-qan dedi,

Akif də, Oruc da vətən can dedi.

Müqəddəs yaranan bu Quran dedi!.

Əbədi ölməzlər şəhidim mənim,

Sənə laylay çalım igidim mənim.

 

Əliyar Xocalının qisasın aldı,

Hayıları üç gün matəmə saldı.

Müşviq gənc əsgərim tez şəhid oldu!.

Körpəcə mələyim şəhidim mənim.

Sənə laylay çalım igidim mənim.

 

Tankçı Əlövsəti komandir, tanı,

Döyüşdə ucaldıb Azərbaycanı.

Fəxrəddin çağırdı həkim-loğmanı.

Vətən fədaisi Fəridim mənim.

Sənə laylay çalım igidim mənim.

 

Qızqayıt, tarixə yaz şəhidləri,

Vətən şəhidləri yaşayır diri.

Qəhrəmanlıq dastanıdır hər- biri.

Tarixi səlnaməm əsərim mənim,

Sənə laylay çalım igidim mənim.

 

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər