26.09.2025, 02:54
AZ EN
10.08.2025, 18:07 347

Səngər beşik kimi istidir, qızım...

YARADICILIQ
  • İstedadlı şair, Yazıçılar Birliyinin üzvü,  II Qarabağ müharibəsi iştirakçısı Həsən Kür (Həsən Zeynallı) 17 mart 1996-cı ildə Salyan rayonunun Sarvan kəndində dünyaya gəlib. 16 yaşından şeir yazmağa başlayıb. Şəhid dayısı Abbas Həsənovun Həsən Kürün taleyinə çox ciddi təsiri olub. Belə ki, I Qarabağ müharibəsində vəfat edən dayısının qisasını almaq məqsədilə Həsən Kür 2016-cı ildə “Aprel döyüşləri”nə könüllü yazılıb, daha sonra 2020-ci ilin sentyabrında başlanan 44 günlük Vətən müharibəsində iştirak edib.

Həsən Kürün şeirləri müxtəlif antologiya və jurnallarda dərc olunub, Türkiyə, İran, Türkmənistan və Qazaxıstan kimi ölkələrdə çap edilib.
Gənc şair bir neçə yarışmada uğur qzanıb. “Xalqın şairi” telelayihəsinin qaliblərindən olub, eyni zamanda “Nəsimi ili” və “Nizami ili” adlı şeir müsabiqələrində mükafatlandırılıb.

Onun yaradıcılığının əsas mövzuları vətənpərvərlik və lirik şeirlər olub. Həsən Kür “Boyat dərdin üstündə”, “Tikanlı məftillər” və “Döyüş və Dönüş” adlı üç kitabın müəllifidir. Bu kitablarda onun müharibə xatirələri, sosial problemlər və fərdi düşüncələri öz əksini tapıb. 2019-cu ildə Həsən Kür Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü olub.

Həsən Kür 44 günlük Vətən müharibəsində Cəbrayıl və Qubadlı rayonlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

Müharibə dövründə Həsən Kür döyüş yoldaşlarının hisslərini və yaşadıqlarını gündəlik şəklində qeyd edib, hətta Qubadlıda tapdığı erməni dilində dəftəri Azərbaycanın qələbə dastanları ilə doldurub: "Beləcə, bir erməni dəftərinə onları necə məğlub etdiyimizi yazdım… O kitab çap olundu, satıldı, paylandı”.

Həsən Kür ölümündən bir neçə ay əvvəl ağır psixoloji böhran yaşayıb. 2025-ci ilin fevralında o, Bakıda “Sevinc Mall” Ticarət Mərkəzinin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd edib.

Həmin hadisə nəticəsində Həsən Kür ağır dərəcəli travmalar alıb, uzun müddət süni tənəffüs aparatına qoşulub.

Hər birimizin yaddaşında parlaq istedadlı şair, qazi kimi yaşayan Həsən Kür 28 yaşında vəfat edib. Məzarı nurla dolsun...

 

MÜHARİBƏDƏN DÖNMƏYƏNLƏRƏ İTHAF

 

- Qızım, sənin adın nə?
- Mənim adım Qərənfil.
- Gözünə qurban olum,
darıxırsan elə bil.

- Atamı gözləyirəm.
- Atan hardadır məgər?
- Müharibəyə gedib;
o döyüşür gecələr.

- Nə vaxt gedibdir atan;
gecikdiyi çoxdurmu?
- Çoxdur, əmi can, çoxdur.
- Ananın da atandan
bir xəbəri yoxdurmu?

- Anam indi işdədir.
- Qızım, harda işləyir?
- Anam çox mehribandır,
yarpaqları çox sevir,
səhərdən-axşamacan
onları təmizləyir.

-Yaxşı, mehriban anan
atandan bir söz demir?
- Demir, əmi can, demir,
daha yollara baxmır,
daha onu gözləmir.

Mən dünən çox ağladım
gecə yatmazdan öncə.
Anamın nə etdiyin
izləyirdim gizlicə.

Atamın divardakı
şəklini qucaqlayıb,
belə deyirdi, əmi:
“Mən necə böyüdəcəm
Atasız bu yetimi”.

 

XƏZAN SƏSİ

 

Gözümün işığı, burda payızdı
Hər kəs yığışıb öz gödəkcəsinə.
Bircə sevincini görəydin onun,
Günəş gülə-gülə sovuşub getdi
Bahar tətilinə gedərcəsinə.

 

Gözümün işığı, burda payızdı
Burdakı yarpaqlar payıza kölə
Zavallı ağaclar payıza əsir.
Bağçanın sonuncu bənövşələri
Bir saxsı dibçəkçün evə tələsir.

 

Mən indi payızın çiyinlərində,
Yazın gəlişini gözləyən bağam.
Mən indi səngərdən boylanan əsgər,
Ayaq səslərindən qorxan torpağam.

 

Dişimi, dişimə sıxıb dözürəm
Olur belə şeylər, olur, qadası.
Tək qalan adamlar özündən küsür,
Getməyə bir qucaq yer tapmayanda,
Yıxılır bir küncdə qalır, qadası.

 

Bəs ora necədi? Havası, suyu
Quşlar çöldə ölür, yoxsa qəfəsdə?
Adamlar necədi? Hər darıxanda
neçəsi söz qoyur sözünün üstə?
Sən necə, nə qədər dəyişilmisən?
Yenə yerə düşən çörək qırığın
Öpüb qoyursanmı gözünün üstə?

 

Yox, sən dəyişilmə, özünü qoru,
Aldanma küçənin xəzan səsinə.
Kaş ki, illər sonra bir yaz səhəri,
Birgə oyanaydıq azan səsinə.

 

CƏBHƏDƏN MƏKTUB

 

Sən mənə şərfini göndərmə daha,

Səngər beşik kimi istidir, qızım.

Vətən sənin kimi suyuşirindi,

Hamını özünə istədir, qızım.

 

Görsən darıxırsan, şəkillərə bax,

Körpə əllərini boynuma dola.

Boylan pəncərədən getdiyim yola,

Bu məni görməyə bəs edir, qızım.

 

Mən burda yaxşıyam, sən də yaxşı ol,

Bilim ki, sənin də günün şən keçir.

İnan, göndərdiyin bütün dualar

Gəlir başımızın üstündən keçir,

Allah başımızın üstədir, qızım.

 

Allah üstümüzdən çəkməsə əlin,

Birgə yandırarıq zəfər məşəlin.

Hamının qorxduğu zalım əcəlin

Boyu boyumuzdan bəstədir, qızım.

 

Əgər günün biri, geri dönməsəm,

Eşidə bilməsən atanın səsin,

Qorxma, ürəyinə qorxu düşməsin,

Atan ölməyibdi, xəstədi, qızım.

Hazırladı: Mina RƏŞİD 

Oxşar xəbərlər