2000-2004-cü illərdə Azərbaycan Dövlət Universitetində bakalavr təhsili alıb, 2010-2012-ci illərdə ümumi dilçilik ixtisası üzrə magistr dərəcəsi qazanıb. “Jalə sevgisi” adlı şeirlər kitabının müəllifidir. Hazırda Xırdalan şəhərində 2 saylı orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərir. Firavan xanımın Vətən, Qarabağ sevdalı şeirlərindən “Vətən səsi”nin oxucularına ərmağan edirik.
BAYRAQLAR SAVAŞINDA
Bu müzəffər ordunun
Vətənində daş olmaq,
Beli bükülmüş atanın
Gözündəki yaş olmaq,
Şəhidimin bəzənməmiş
Xonçasında qaş olmaq,
Qanla yazılmış zəfərə
yol olmaq, yoldaş olmaq,
Bu tale yazıldı bizə
Gedən haqq savaşında,
İgidlərin tarix yazdı
Bayraqlar savaşında!
İGİDİM
Qar altında yatan igid
Gözlərini bu dünyadan,
Sevdiyindən, balasından çəkən igid!
De, bu yolçuluq haraya,
Uzun-uzun yol gedirsən,
Sevincindən hey uçursan...
Bəlkə dönüb bir baxasan
Sənin üçün gözlərinin giləsini
hey doldurub boşaldana,
Qəmli-qəmli yollarına
Dikilib mat qalanlara.
Dönsən bizə nə deyərsən?!
Yenə bizi düşünüb sən
Bir qəhrəman ədasıyla
Əmr verib tapşırarsan:
"Mənə görə sən ağlama,
Heç vaxt mənə yas saxlama!
Necə ki, mən mərd baxmışam
Qarşımdakı ölüm adlı
Yollarımı ayırana.
Dedim sənə: "Bu son deyil,
Səni burda gözləyəcəm
Salam yayıb qovuşmağa!"
KƏDƏRİ GÖZÜNDƏ GİZLƏDƏN QADIN
Kədəri gözündə gizlədən qadın,
Qəmdən ürəyini sızladan qadın,
Bir qara buludu dalınca salıb,
Çiçək yanağından öldürən qadın.
Bu qəmi, kədəri büküb örpəyə,
Qəlbinə daş yumaq bağlayacaqsan.
Bu qəmi, kədəri verib bir yelə
Xəfif yel əsdikcə ağlayacaqsan.
Bu qəmin, kədərin içində yenə
Gülüş qondurursan nəmli gözünə,
Bu qəmi, kədəri yaşayanlardan
Utanıb tapmırsan macal özünə.
Sən ağır yükləri alıb çiyninə
Yenə gedəcəksən sabaha sarı,
Sənə ümid verən ümidlər yenə
Alıb bir aparsa sabaha barı.
Sabahlar aydınlıq, sabahlar işıq.
Qəmli gözlərinə nur çiləyəcək,
Səni səndən alan bu dərd, bu kədər,
Ümid çeşməsi tək çiçəkləyəcək.
TƏNHA ŞƏHİD MƏZARI
Bir tək şəhid məzarı yolun kənarın kəsib,
Ayparanın kölgəsi məzarına hay verib.
Bir ananın müqəddəs qüruru, ya harayı
Bu məzarı yüksəldib edib tarix sarayı!
Qulaq ver bu torpağa, duyacaqsan səsini,
Sənə danışcaqdır başına gələnləri.
Min şəhidə şahidlik edir bu tənha məzar,
Yaşatdığı bu birlik tək amala söykənib
Tarix boyunca uzar...
Bu tək şəhid məzarı səfərbərlik dərsidir,
Bir tək amal uğrunda
Baş qoyduğu minlərlə
Şəhidin kölgəsidir!
Hazırladı: Mina RƏŞİD