Zəngibasar mahalının Dərcan kəndində ancaq Azərbaycan türkləri yaşamışlar. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə kəndin adı İrəvan nahiyəsinin Tərcanlı qışlağı, həmin dəftərin 1728-ci il tərtibində Qırxbulaq nahiyəsinin Tərcan kəndi, İ. Şopendə isə (1832) Zəngibasar mahalının Dərcan kəndi kimi qeydə alınmışdır. Qədim tarixə malik olan Azərbaycan, o cümlədən Qərbi Azərbaycan ərazisindəki toponimlər bölgəyə gətirilmə deyil, mənbələr təsdiqləyir ki, bir çox oykonimlər kimi, Dərcan kənd adı da bölgəyə gətirilmə deyil. Tədqiqatçı-alim Əziz Ələkbərli bildirir ki, İ.Şopen məşhur "İstoriçeskiy pamyatnik" əsərində XII yüzildə gürcü çarı Dmitri Davidoviçin vaxtında xalqın Nedis kəndində Hrasdan (Zəngi) çayı üstündə Ərmən atabəyi Dərsaicanın (Dirsə xanın) şərəfinə xaç ucaltmağından bəhs edir. Bu isə onun böyük hörmət və ad-san sahibi olduğuna dəlalət edir.
Təsadüfi deyil ki, xalq bu qəhrəman oğlunu folklor qəhrəmanı səviyyəsinə də qaldırmış və o, "Kitabi-Dədə Qorqud" dastanındakı Dirsə xan adı ilə əbədiləşdirilmişdir. Sonradan Dirsə xan//Dərsəican xalq tələffüzündə Dircan//Dərcan şəklinə düşmüşdür. Kəndin adına sonrakı mənbələrdə bir daha təsadüf olunmur. Deməli, kənd xaraba qalmışdır.
İsa Musayev