Qırxbulaq mahalında, Ellər rayonunun mərkəzindən 2 km cənub-şərqdə, İrəvan-Tiflis avtomobil yolunun üstündə, Qırxbulaq çayının kənarında, Zak, Şahab və Putqni kəndləri yaxınlığında yerləşən Muqub kəndində 1828-ci ilə qədər ancaq Azərbaycan türkləri yaşamışdır. Türkmənçay müqaviləsindən sonra kəndin müsəlman əhalisi qovulmuş, Türkiyə və İrandan köçürülmüş ermənilər yerləşdirilmişdir. Kəndin adına "İrəvan əyalətinin icmal dəftəri"ndə (1728) Məqhud, İ.Şopendə (1832) iki variantda- Meqqüb və Mequb, 1873-cü ilin statistikasında Moqub, 1886-cı ilin siyahıya alınmasında iki şəkildə - Muqub və Maqub kimi rast gəlinir. İrəvan ətrafında bir neçə eyniköklü toponimin (Muqni, Məngüg, Məngüs və s.) mövcudluğu ilkin variantında Maq - oba şəklində olması fikrini təsdiqləyir. Bu kənd qədimdən atəşpərəstlik mərkəzlərindən biri, atəşpərəst kahininin (maqın) obası, kəndi olmuşdur. Əvvəllər dağıdılmış kənd Sovet dövründə daha da böyüyüb inkişaf etmişdir. 1968-ci il dekabrın 26-da kəndin Muqub adı dəyişdirilərək Balahovit qoyulmuşdur.
İsa MUSAYEV