Zəngibasar mahalında, Kiçik Qarasu çayı kənarında, Reyhanlı kəndi yaxınlığında, indiki Sarıcalar kəndinin yerində salınan Daşlı kəndində ancaq Azərbaycan türkləri yaşamışdır. "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (1590) İrəvan nahiyəsinin Dəşt (Daşdı) kəndi şəklində qeydə alınmışdır. 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə isə Gərni nahiyəsinin Çinəxan kəndi yaxınlığında Daşlı kəndi kimi yazılmışdır. Sonrakı mənbələrdə kəndin adına rast gəlinmir. Çünki 1826-1829-cu illər Rusiya-İran, Rusiya-Osmanlı müharibələrinin nəticəsində İrəvan xanlığı ərazisi ruslar tərəfindən işğal olunmuşdur. Bundan sonra kənd xaraba qalmış və sonradan bərpa olunmamışdır. Lakin Zəngibasar mahalı ərazisində Daşlı toponimi itməmiş, yaddaşlarda yaşamışdır. 1940-cı il daşqını zamanı Sarıcalar kəndi məhv olduğundan camaat 1941-ci ildə həmin Daşdı çölündə yeni Sarıcalar kəndini salmışlar. Onu da qeyd edək ki, Qərbi Azərbaycanda "Daş" komponentli çoxlu toponimlər var: Daşaltı, Daşbaşı, Daşnov, Daşqapı və s. Tədqiqatçı alim Əziz Ələkbərli yazır ki, "Dədə Qorqud"dakı Daşər//Dışər, Daş Oğuz//Dış Oğuz sözləri də türkmənşəlidir və yuxarıda qeyd etdiyimiz sözlərlə eyniköklüdür. Xatırladaq ki, Qərbi Azərbaycanın Loru mahalının rayonlarından birinin də adı Taşırdır.
İsa MUSAYEV