Tarixi minillikləri keçən Azərbaycanımızın Şərqi Zəngəzur mahalı öz təbii-coğrafi mövqeyinə, zəngin fauna və florasına görə diqqətçəkən məkanlardan biridir. Bu qədim mahalın tərkibində formalaşan Mehri rayonunun Aldərə kəndi də axarlı-baxarlı bir yerdə qərar tutur. Rayon mərkəzindən 12 km məsafədə, Araz çayının sol sahilində olan Aldərə kəndində XIV-XVI əsrlərə aid albanlarla bağlı tarixi abidələrin qalıqları müasir dövrümüzə qədər gəlib çatmışdır. Kəndin salındığı ərazinin torpağı qırmızı olduğu üçün Aldərə adlandırılmışdır. Relyef əsasında yaranan toponimdir. Həmin ərazidə eyniadlı göl də olmuşdur. Əhalisi azərbaycanlılardan ibarət olan bu kəndin sakinləri 1918-ci ildə ermənilər tərəfindən qovulmuş, lakin 1926-cı ildə geri qayıtmışlar. 62 il sonra - 1988-ci ilin noyabr ayının sonlarında Ermənistan dövləti tərəfindən tarixi -etnik torpaqlarından deportasiya olunmuşdular.
Kənd sakinlərinin əsas təsərrüfatını əkinçilik və heyvandarlıq təşkil edirdi. Burada dövrü və zamanı üçün yaxşı təhsil alıb Azərbaycan Respublikasında tanınan müxtəlif sahələri özündə əks etdirən tanınmış şəxsiyyətlər çoxluq təşkil edir. Xəyriyyəçi Fərəc bəy Hüseynbəyov, Sosialist Əməyi Qəhrəmanı Firudin Ağayev, yazıçı-publisist, H.Zərdabi mükafatçısı, AYB Prezident təqaüdçüsü Gülzar İbrahimova, Azərbaycan Dəmiryolu İdarəsinin rəisi Abbas Bağırov, Azərbaycan SSR Mədəniyyət naziri Məmməd Qurbanov və b. misal göstərmək olar.
Aldərə kəndi bu gün də ermənilərin əlindədir. Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi əsasında yaxın zamanlarda Mincivan-Culfa dəmiryolu tikiləcək və bu yol Aldərə kəndinə də xoşbəxtlik gətirəcəkdir.
İsa MUSAYEV