16.06.2025, 23:58
AZ EN
05.03.2024, 17:55 423

Basarkeçər rayonu, Canəhməd kəndi

QƏRBİ AZƏRBAYCAN
  • Canəhməd İrəvan quberniyasının Novobayazid qəzasında olan Canəhməd kəndi rayon mərkəzi Basarkeçərdən 14 km. şimal-şərqdə, Ağ yoxuş aşırımının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Canəhməd kəndi XVI əsrin (1510–1515) əvvəllərində yaranmışdır. Kəndin adı yarandığı ilk gündən, 1988-ci ilə qədər üç dəfə dəyişdirilmişdir. Kəndin ilk adı 1780–1785-ci illərə qədər Sultanəli qışlağı olmuşdur. Kəndin ikinci adı 1969-cu ilin 3 iyuluna qədər Canəhməd olmuşdur. Kəndin üçüncü adı 1988-ci ilin dekabrına qədər Günəşli olub. Kəndin indiki ərazisi qışlaq olmuşdur. Yerli əhalinin məlumatına görə, Azərbaycanın müxtəlif rayonlarından həmin qışlağa gələrlərmiş. Həmin adamlardan biri də çox varlı və dövlət sahibi olan Sultanəli kişi olmuşdur. Kəndin keçmiş və birinci adı olan Sultanəli qışlağı da oradan yaranmışdır. Kəndin ikinci adı bu yaylaqda yaşayan və bir qıza aşiq olan Əhməd adlı oğlanın adı ilə bağlıdır. Bu hadisədən xəbər tutan qızın qardaşları Əhmədi öldürürlər. Yaralı halda can verən Əhmədi görən sevgilisi, "can Əhməd ölmə" – deyərək ah nalə ilə onun üstünə yıxılıb ağlayır. Canəhməd sözü də oradan yaranmışdır.

Erməni daşnaqlarının apardıqları antitürk siyasətinin təsiri nəticəsində Canəhmədin, eləcə də bütün Basarkeçər rayonunun bir neçə kəndləri istisna olmaqla rayon mərkəzinin və bütün kəndlərin adları dəyişdirilmişdir. Ermənistan SSR AS RH-nin 3 iyul 1969-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Günəşli, Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilib Kutakan adlandırılmışdır. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Aralıq nahiyəsində qışlaq kimi qeyd olunmuşdur.

Kənddə 1873-cü ildə 245 nəfər, 1886-cı ildə 348 nəfər, 1897-ci ildə 442 nəfər, 1908-ci ildə 422 nəfər, 1914-cü ildə 523 nəfər, 1916-cı ildə 475 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar qırğınlarla ermənilər tərəfindən qovulmuşlar. 1920-ci ildə indiki Ermənistanda sovet hakmiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanları yaranan sakitlikdən istifadə edərək öz kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə burada 194 nəfər, 1926-cı ildə 335 nəfər, 1931-ci ildə 383 nəfər, 1939-cu ildə 339 nəfər, 1959-cu ildə 337 nəfər, 1979-cu ildə 589 nəfər, 1987-ci ildə 1500 nəfər azərbaycanlı yaşamışdır. Kənd əhalisi 1988-ci ildə noyabr ayının axırlarında kəndi tərk etmək məcburiyyətində qalmışdır.

1988–1991-ci illərdəki IV qaçqınlıq zamanı Canəhməd kəndinin əhalisi doğma yurdlarından didərgin düşmüşdür. Kənd əhalisi Bakı, Gəncə, Şəmkir, Daşkəsən və başqa yerlərdə məskunlaşaraq bu gün də həmin yerlərdə yaşayırlar.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR