Toponim türk Qabaq tayfasının adına, mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib "qabaq tayfasına mənsub yer, kənd" mənasını bildirir. Mənbələrdə göstərilir ki, yayı hazırkı Ermənistanda, qışı Qarabağda keçirən türk tayfalarından biri qabaq adlanırdı.
Mənbələrdəki məlumata görə 1869-cu il əhalinin kameral sayımına əsasən İrəvan quberniyası, Naxçıvan qəzasının Qabaxlı kəndində (Qafqazın 5 verstlik xəritəsində "Aşağı Canı" kəndi) 18 tüstüdən ibarət azərbaycanlılar məskunlaşmışdı.
1873-cü ilin kameral siyahıyaalınmasına əsasən İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, Alagöz (Canıçay) çayının hər iki sahilində yerləşən və dövlət xəzinəsinə məxsus Qabaxlı kəndində 33 evdə 159 nəfəri kişilər, 109 nəfəri qadınlar olmaqla toplam 268 nəfər azərbaycanlılar yaşamışdılar.
1905-ci ilə olan məlumata əsasən İrəvan quberniyası, Şərur-Dərələyəz qəzası, II polis şöbəsi, Alagöz kənd cəmiyyətinə daxil olan Qabaxlı kəndində 42 evdə 316 nəfəri kişilər, 298 nəfəri isə qadınlar olmaqla 614 nəfər azərbaycanlı yaşamışdır.
Kənddə 1916-cı ildə 763 nəfər yalnız azərbaycanlı yaşamışdır.1918-ci ildə erməni təcavüzünə məruz qalan kənd sakinləri deportasiya olunmuşdur. Yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılar geri - öz kəndlərinə dönə bilmişdilər. Burada 1922-ci ildə 59 nəfər, 1926-cı ildə 217 nəfər, 1931-ci ildə 330 nəfər yalnız azərbaycanlı yaşamışdır.
1988-ci ilin noyabrın axırlarında kəndin sakinləri Ermənistan dövləti tərəfindən tamamilə tarixi-etnik torpaqlarından deportasiya olunmuş, bura Qarabağdan köçmüş ermənilər yeləşdirilmişdir. 1990-cı illərdə kəndin adı Qoğtanik olaraq dəyişdirilmişdir. Hazırda ermənilər yaşayır.
Tahirə AĞAMİRZƏ