Qərbi Azərbaycanın Ellər rayonunun Kənkan kəndi rayon mərkəzindən 20 km şimal-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fars dilində "quyu qazan, quyuçu" mənasında işlənən "kankan" sözü əsasında yaranmışdır. Burada yalnız azərbaycanlılar yaşayırdılar. 1918-ci ildə kənddə 2500 nəfər əhali olmuşdur. 1 yanvar 1948-ci il vəziyyətinə görə Kənkan kəndi Dəvəxaraba və Qızqala kəndləri ilə birlikdə Kənkan kənd Sovetliyini təşkil edirdi. Bu Sovetliyin ərazisi göstərilən tarixdə 48 km2 idi. Kəndin adı Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə dəyişdirilmiş, Hatis qoyulmuşdur. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1947-1948-ci illərdə burada yaşayan azərbaycanlılar zorla deportasiya olunmuşlar.
İsa MUSAYEV