Toponim «dövlət torpağı, dövlətə məxsus olan yer» mənasında işlənən ərəb mənşəli xalisə sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə toponimdir.
Kənddə 1831-ci ildə 149 nəfər, 1873-cü ildə 864 nəfər, 1886-cı ildə 960 nəfər, 1897-ci ildə 1165 nəfər, 1904-cü ildə 957 nəfər, 1914-cü ildə 1053 nəfər, 1916-cı ildə 1159 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci illərdə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar.
Xaricdən (İran və Türkiyədən) köçürülən ermənilər bu kəndə də yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişdir. 1922-ci ildə burada 311 nəfər azərbaycanlı, 290 erməni, 1926-cı ildə 331 nəfər azərbaycanlı, 240 nəfər erməni, 1931-ci ildə 588 nəfər azərbaycanlı, 276 erməni, 1972-ci ildə 1500 dən artıq azərbaycanlı, 600-ə qədər erməni yaşamışdır.
1988-ci ilin noyabr-dekabr aylarında azərbaycanlılar tamamilə Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olundular. İndi burada yalnız ermənilər yaşayır.
Tahirə AĞAMİRZƏ