Filologiya elmlər doktoru, professor, türkoloq-yazıçı Minəxanım Nuriyeva Təkəli öz araşdırmalarında yazır:
-Şərqi və Cənub-şərqi Anadolu ilə Azərbaycanın türkləşməsində böyük rol oynayan Qaraqoyunlular tarixinə, 6 əsri keçməkdə olan Qaraqoyunlu dövlətinin tarixinə bir qısa nəzər salaq: Qaraqoyunlu hökmdar sülaləsinin (1380-1468-ci illər) əsasını Bayram Xoca qoymuşdur. O ağıllı, adil, comərd və bunlarla bərabər cəsur, qətiyyətli hökmdar idi. Qaraqoyunluların ondan başlayan məşhur hökmdarları: Qara Məhəmməd Durmuş bəy, Qara Yusif bəy Bahadır, Qara İskəndər, Əbu Səid, Sultan Müzəffərəddin Cahan şah Həqiqini göstərmək olar. Ölkədə doğma türk dili dövlətin rəsmi dili olmuşdur və bütün yazışmalar da türk dilində aparılmışdır. Bu sülalənin görkəmli nümayəndələrindən olan Cahan şah "Həqiqi" imzası ilə şeirlər yazırdı və türk dilində divanı vardır. Dövlətin mərkəzi əvvəlcə Van, Teymurilərin məğlubiyyətindən sonra isə 1410-cu ildən Təbriz şəhəri olur. Əvvəlcə Van gölündən Cənubda məskunlaşmış Qaraqoyunlular XIV əsrin 70-ci illərindən başlayaraq Ərzincan və Sivasda möhkəmləndilər. Bütün Azərbaycan (Şirvanşahlar dövləti istisna olmaqla), Müasir Ermənistan əraziləri, Gürcüstanın bir hissəsi, İranın qərb əyalətləri, İraq bu dövlətin tərkibinə daxil oldu. Qaraqoyunlular daim Teymurilər, Ağqoyunlular, Cəlairilər, Şirvanşahlarla müharibələr aparmışlar. 1467-ci ilin payızında(11 noyabr) Uzun Həsən Muş altında Səncək adlı yerdə baş verən döyüşdə Cahan şahı öldürdü; Qaraqoyunlular bu müharibədə məğlub oldusa da Uzun Hasan yalnız 1468-ci ildə Cahan şahın oğlu Həsən Əli üzərində qazandığı tam zəfərdən sonra Qaraqoyunlu dövlətinin varlığına son qoya bildi və onu Ağqoyunlu dövləti əvəz etdi. Cahan şâhın zamanında Qaraqoyunlu dövləti genişlənərək Azərbaycan, Arran, Iraqi Ərəb, Iraqi Əcəm, Fars, Kirman və Şərqi Anadolunu əhatə edirdi. Dövrünün böyük hökümdarlarından biri olan Cahan şâh sərt ve cəsur bir hökümdar idi; onun ölümü ilə parlaq bir dövr sona gəlmiş və qısa vaxtdan sonra da Qaraqoyunlu dövleti süquta uğramışdı. Qaraqoyunluların böyük hökümdârı Cahân şâh (1437-1467) dövründən paytaxt olan Təbrizdə Cahân şâh adına tikilən Göy Məscid mədrəsəsi və Müzəffəriyyə mədrəsəsi, xanımı Can Bəyim xatunun mədrəsə və imarəti, İsfahandakı cümə camesi, Vandakı Ulu Cami günümüzə qədər gəlmişdir. (1, 282) Yurdumuzda Qaraqoyunlu-Mingəçevir, İmişli, Gədəbəy, Quba, Ağdam, Qubadlı, Ağsu, Daşkəsən, Yevlax, Kürdəmir rayonu ərazisində;Azad Qaraqoyunlu- Tərtər rayonu ərazisində;Tap Qaraqoyunlu-Goranboy rayonu ərazisində, Qaşaltı Qaraqoyunlu - Goranboy rayonu ərazisində; Xan Qaraqoyunlu -Bərdə rayonu ərazisində; Çay Qaraqoyunlu və Dağ Qaraqoyunlu Şəki rayonu ərazisində bunlarla yanaşı Qaraqoyunlu kalafası və - Qaraqoyunlu qəbirstanlığı Qazax rayonu ərazisində yer adı; Qaraqoyunlu – Xoy bölgəsində Çaldıran ətrafında 30-a qədər yaşayış məskəninin adıdır. Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsi–bura Çəmbərək indi: Krasnoselsk, Karvansaray-indi: İcevan bölgələri və dərədə məskunlaşmış Qaraqoyunlu kəndləri daxil idi. Tarixi Göyçə mahalı da Qaraqoyunlu məskənlərindən olmuşdur; iki kənd - Kiçik Qaraqoyunlu və Böyük Qaraqoyunlu, Vedibasarda eyni adlı kənd....(2, 191) Türkiyənin İqdır vilayətinin ərazisində, yer- yurd adı qaraqoyunlularla bağlı deyilmi?! Bunların üzərinə adı sonradan dəyişdirilmiş yeni adlarla əvəzlənmiş yerlərin də adlarını əlavə etsək ölkədə və habelə vaxtilə Qaraqoyunlu dövlətinin təsir dairəsini bir növ bərpa etmiş oluruq...Qaraqoyunlu, habelə Qaraman, Çəpni, Alpout, Qazan, Qarqar, Abaran, Ayrum, Qarxun, Göylər... qəbilindən olan tayfa, nəsil adından yaranmış yer-məskən adlarına daha həssas yanaşmalı, onları dilimizin, tariximizin yadigarları, qiymətli tarix faktları kimi hifz etməliyik. Lakin təəssüf ki, tariximizə, coğrafiyamıza və etnoqrafiyamıza münasibətlərdəki səhvlər, bir növ saxtakarlıqlar davam edir... Bu mənada tarixçilərin, habelə filoloq alimlərin, yazıçıların üzərinə böyük vəzifə borcu düşür. Yaxşı ki, son illər ədəbiyyatımızda tarixi mövzulara maraq artmaqdadır. Əslində bu maraq daim olmuşdur. Lakin siyasi ideologiyaya tabe etdirilən sənətdən nə isə ciddi uğurlar sözün tam mənasında tam mənasında nəticə gözləmək də inandırıcı görünməzdi. Amma indi Azərbaycanın dövlət müstəqilliyi dövründə bu mövzular aktual, gərəkli mövzulara çevrilmişdir. Tarixi şəxsiyyətlərin doğru, həqiqi portretləri, tarix üçün önəm daşıyan hadisələr ədəbiyyata gətirilməkdədir. Böyük Tarixin yaxasındakı bu kiçik nişanlar sönməz nişanələr tək möhtəşəm bir tarixə girişimizə yol açır. Bu tarixi faktlar göstərir ki, əzəmətli dövlət quran Azərbaycan türkləri bu torpaqların həqiqi sahibləridirlər və dövlətimizin çox-çox əəvvəllərdən mükəmməl, örnəkverici ənənələri olmuşdur.
Hazırladı: Tahirə AĞAMİRZƏ