29.04.2026, 13:12
AZ EN
27.04.2026, 10:16 209

Qlobal şəhərsalma gündəmində Kəlbəcər imzası

ŞƏRQİ ZƏNGƏZUR
  • Müasir dövrdə şəhərsalma artıq, sadəcə, fiziki infrastruktur quruculuğu ilə məhdudlaşmır, bu proses sosial rifahın yüksəldilməsi, ekoloji tarazlığın qorunması və rəqəmsal innovasiyaların vəhdətini təşkil edən mürəkkəb bir ekosistemdir. Bu kontekstdə, Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin nüfuzlu tədbiri - Ümumdünya Şəhərsalma Forumu (WUF13) qlobal inkişaf modellərinin yenidən formalaşdığı mərkəzi platforma kimi çıxış edir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, xüsusən də uca dağlar qoynunda yerləşən Kəlbəcərdə reallaşdırılan misilsiz bərpa-quruculuq işləri forum iştirakçıları üçün ən mükəmməl nümunələrdən biri kimi xüsusi maraq doğurur. Kəlbəcərdə tətbiq olunan “yaşıl enerji”, dayanıqlı memarlıq və müasir şəhərsalma həlləri, əslində, gələcəyin şəhərləri üçün Azərbaycanın təqdim etdiyi yol xəritəsidir.

Kəlbəcərdə aparılan genişmiqyaslı yenidənqurma işlərinə və müasir şəhərsalma yanaşmalarına həsr olunan məqaləni təqdim edirik.

Kəlbəcərdən WUF13-ə baxış

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən strateji və sistemli siyasət nəticəsində Qarabağ və Şərqi Zəngəzur müasir şəhərsalma prinsiplərinə əsaslanan intibah dövrünü yaşayır. Böyük Qayıdışa dair I Dövlət Proqramının uğurlu icrası çərçivəsində Kəlbəcər rayonunda aparılan genişmiqyaslı quruculuq işləri bu layihənin ən parlaq nümunələrindəndir. Artıq rayonun birinci yaşayış məhəlləsinin ilk mərhələsi uğurla tamamlanıb və 162 ailə onilliklərin həsrətindən sonra müasir standartlara cavab verən doğma yurdlarına qovuşub. Bu proses, sadəcə, sakinlərin fiziki qayıdışını deyil, həm də bölgənin sosial-iqtisadi həyatının əsaslı bərpasını, ekoloji təmiz “ağıllı” şəhərsalma həllərinin tətbiqini və bölgənin inkişafının möhkəm təməllər üzərində qurulmasını ehtiva edir.

Şəhər mərkəzləri ilə yanaşı, kənd yaşayış məntəqələrinin də fundamental şəkildə yenidən qurulması dövlət siyasətinin prioritet istiqaməti kimi diqqət mərkəzində saxlanılır. Hazırda müxtəlif kəndlər üzrə kompleks layihələndirmə işləri sürətlə aparılır, bir qrup layihə isə artıq ekspertiza mərhələsinə qədəm qoyub. Xüsusilə 2026-cı ildə 547 fərdi evdən ibarət olacaq Zar kəndinin istifadəyə verilməsi planı müasir kənd həyatının keyfiyyət standartlarına yeni yanaşmalar gətirəcək. Bu model kənd təsərrüfatı və yaşayış mühitinin müasir standartlara uyğun, rəqəmsal və ekoloji həllərlə sintezini özündə birləşdirir. Belə kompleks yanaşma WUF13 çərçivəsində qlobal gündəmdə olan inklüzivlik, sosial ədalət və balanslı regional inkişaf prinsipləri ilə tam uzlaşaraq, Azərbaycanın bu sahədəki uğurlu təcrübəsini beynəlxalq müstəviyə daşıyır.

Sosial infrastrukturun qurulması istiqamətində də mühüm addımlar atılır. Kəlbəcər şəhərində müasir Təhsil Kompleksinin açılması da planlaşdırılır. Bu layihə yalnız təhsil xidmətlərinin keyfiyyətinin artırılmasına deyil, həm də qayıdan əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edəcək. Eyni zamanda, 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulan “İstisu” Müalicə-İstirahət Kompleksi bölgədə sağlamlıq turizminin inkişafına yeni təkan olacaq. Bu cür layihələr şəhərsalmanın yalnız yaşayış sahələri ilə məhdudlaşmadığını, iqtisadi və sosial funksiyaları da özündə birləşdirdiyini nümayiş etdirir.

Kəlbəcərin yenidən qurulmasında nəqliyyat infrastrukturu da xüsusi yer tutur. Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun üzərində yerləşən, uzunluğu 11,7 kilometr olan “Murovdağ tuneli” mühəndislik baxımından mühüm nailiyyət hesab olunur. Dünyanın ən uzun avtomobil tunellərindən olan bu layihə regionun əlçatanlığını artırmaqla yanaşı, iqtisadi fəallığın genişlənməsinə də şərait yaradır. Layihə çərçivəsində əlavə tunellərin tikintisinin davam etdirilməsi isə kompleks yanaşmanın göstəricisidir. Bu cür iri infrastruktur layihələri WUF13-də dayanıqlı nəqliyyat və regionlararası inteqrasiya mövzularında müzakirə edilən əsas məsələlərlə üst-üstə düşür.

Kəlbəcərdə icra olunan infrastruktur layihələrinin özəyini enerji təhlükəsizliyi və ekoloji davamlılıq prinsipləri təşkil edir. İşğaldan azad edilmiş ərazilərin “yaşıl enerji zonası” elan edilməsi strategiyasına uyğun olaraq, rayonun zəngin hidroenerji potensialından səmərəli istifadə məqsədilə bir neçə kiçik su elektrik stansiyasının istismara verilməsi nəzərdə tutulur. Bu addım təkcə bərpaolunan enerji istehsalının artırılmasına deyil, həm də karbon emissiyasının minimuma endirilməsi və regionun ekoloji balansının qorunmasına xidmət edən strateji şaxələndirmədir. Məhz şəhər və regionların enerji keçidi vasitəsilə “təmiz” inkişafı WUF13 çərçivəsində beynəlxalq ekspertlərin, urbanistlərin və ekoloqların ən çox diqqət yetirdikləri və alternativ model kimi axtardıqları əsas qlobal trendlərdən biridir.

Ümumilikdə Kəlbəcərdə həyata keçirilən və planlaşdırılan layihələr ardıcıl, sistemli və gələcəyə hesablanmış yanaşmanın nəticəsidir. Burada müasir şəhərsalma prinsipləri, innovativ texnologiyalar, sosial rifah və ekoloji tarazlıq vahid konsepsiyada birləşdirilir. Bu model yalnız Azərbaycanın deyil, postmünaqişə dövrünü yaşayan digər regionlar üçün də nümunə kimi çıxış edə bilər.

Azərbaycanın Kəlbəcərdə və azad olunmuş digər ərazilərdə tətbiq etdiyi model – sürətli bərpa, müasir təhsil müəssisələrinin tikintisi, yaşıl enerji və nəhəng infrastruktur layihələrinin vəhdəti Ümumdünya Şəhərsalma Forumunda iştirak edəcək beynəlxalq ekspertlər üçün yeni təcrübə mənbəyi ola bilər.

Kəlbəcər bu gün sübut edir ki, viran qoyulmuş əraziləri düzgün planlaşdırma və güclü siyasi iradə ilə qısa müddətdə dünyanın ən müasir və yaşanıla bilən məkanlarına çevirmək mümkündür. WUF13 platformasından baxdıqda 2026-cı ilin Kəlbəcəri gələcəyin şəhərsalma standartlarının reallığa çevrildiyi bir məkandır. (AZƏRTAC)

Oxşar xəbərlər