Keçmiş Zəngəzur mahalının ərazisi 7892 kvadratkilometr olmaqla 7 rayonu - Qafan, Qarakilsə (Sisyan), Gorus, Mehri, Zəngilan, Qubadlı və Laçın rayonlarını əhatə edirdi. Mahal qərbdən Zəngəzur, şərqdən Qarabağ dağları ilə əhatə olunmuşdur. Digər tərəfdən isə keçmiş Şərur-Daralgöz mahallarının və İranın Qaradağ daş silsiləsinin araya aldığı Zəngəzur mahalının əhalisi etibarlı və cəsur adamlar idilər.
Zəngəzur dağ silsiləsini təşkil edən Artiz, Salıq, Merkiz, Üstüp, Kəpəz, Keçəldağ daim qarla örtülü olur. Bəzi yerlərdə bu dağların zirvəsi 3906 metrə çatır.
Zəngəzur mahalı ta qədim dövrlərdən türk torpaqları olmuşdur. 1868-ci ildə Yelizavet quberniyası təşkil olunarkən yeni yaranmış Zəngəzur qəzası da onun tərkibinə daxil edilmişdir. Lakin yuxarıda qeyd etdiyimiz kimi Zənzəgurun 4 rayonu Qafan, Gorus, Qarakilsə və Mehri rayonları Ermənistan SSR-ə verilmişdir.
Qafan rayonu
Qədim türk torpağı olan bu rayon 428-ci ildən İran, 640-885-ci illərdən ərəb xəlifələrinin əlində olmuşdur. 980-ci ildə Sünik vilayətinə daxil edilmiş, 1103-cü ildə Qapan adlandırılmışdır. 1170-ci ildə səlcuq türklərinin, XIII əsrin 30-cu illərində, XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu hakimlərinin əlinə keçmiş. 1639-cu ildə Türk-İran müqaviləsinə görə İrəvan xanlığına birləşdirilmişdir. 1730-cu ildə türk qoşunları, 1735-ci ildə Nadir şah tərəfindən tutulmuşdur. 1829-cu ildən Qarabağ qəzasına, 1861-ci ildən Yelizavet quberniyasının Zəngəzur qəzasına daxil edilmişdir. Qafan rayonu dağlıq ərazi olmaqla yanaşı zəngin yeraltı sərvətlərə də malikdir. Burada mis mədənləri, molibden karxanalarının tullantıları Oxçu çayına axıdılıb Zəngilan rayonunun təbiətinə, əkin sahələrinə ciddi ziyanlar vururdu. Qafan rayonunun 48 azərbaycanlı kəndinin adı, etimologiyası da çox maraqlıdır. Ta son vaxtlara qədər bu kəndlərin adları dəyişdirilməmiş qalırdı: Qarabaşlar, Kırs, Kurud, Oxdar, Şəhərcik, Hünüt, Çobanlı, Təcədin, Şabadin (Qapıcıq dağının ətəyində), Atqız, Qatar, Qovşud, Mollalı, Daşbaşı, Mahmudlu (sonralar Çaykənd), Keypəşin, Həçəti, Baydak, Açağu, Dornı, Acıbağ, Baharlı, Dığı, Çiriş, Gərd, Komaran, Dovrus, Xələc, Novruzlu, Qaradığa, Qaraçimən, Müsəlləm, Aşağı Girətağ, Yuxarı Girətağ, Aşağı Gödəkli, Yuxarı Gödəkli, Noraşenik, Şabadin, Sıznək, Peyhan, Pürülü, Bəkdaş, Ağkənd, Əfsərri, Əcili, Craxor, Qarakənd, Çayzəmi, Şotalı.
Qeyd etdiyimiz kimi, Qafan sonralar sənaye şəhəri olduğu üçün, vaxtilə sovet hökumətində yüksək vəzifə tutan erməni A.İ.Mikoyanın təşəbbüsü ilə 1936-cı ildə Bakı-Mincivan-Qafan dəmiryolu çəkilmişdir. 1941-ci ildə V.Stalinin əmri ilə Mincivan-Culfa dəmiryolu da inşa olunmuşdur. Həmin vaxtdan ta torpaqlarımızın işğalına qədər Mehri ərazisindən keçməklə qatarlar müntəzəm işləyirdi. Sonralar Culfa-Naxçıvan, Naxçıvan-İrəvan dəmiryolu da istifadəyə verildi. Araz çayının sol sahili ilə çəkilmiş dəmiryolu Naxçıvan Culfasından İran Culfasına keçməklə Şərq ölkələrinə də yük daşınmasına imkan yaradırdı. Mənfur ermənilər birinci Qarabağ müharibəsi zamanı həmin dəmiryolu söküb-dağıtdılar. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfərdən sonra bu yolun bərpa edilməsi və Zəngəzur dəhlizinin açılması istiqamətində iş aparılır.
Mehri rayonu
Qədim Zəngəzur mahalının Mehri bölgəsinin də qəribə taleyi olmuşdur. Zəngəzur mahalının tərkibindəki bu rayonun ərazisi əsrlər boyu müxtəlif hakimiyyətlərin işğalına məruz qalmışdır. Çar Rusiyasının Qafqaza gəlişindən sonra bölgənin vəziyyəti daha ağırlaşdı. Belə ki, ermənilərin xaricdən köçürülərək Cənubi Qafqazda, ən əsası, Azərbaycan ərazilərində məskunlaşdırılması qanlı qırğınların əsasını qoydu.
Çar Rusiyasının siyasi varisi olan bolşevik Rusiyası da işğalçılıq yolunu davam etdirdi. Nəticədə Azərbaycan ərazilərindən xeyli torpaq alınaraq ermənilərə verilmişdir. O cümlədən Mehri rayonu da yaradılarkən Ordubad və Zəngilan rayonlarından xeyli kənd alınmışdır. Bu rayonun təşkil olunmasında əsas məqsəd Naxçıvanı Azərbaycandan ayrı salmaq idi. Həm də bu qardaş Türkiyənin Azərbaycanla quru sərhəddini bağlayırdı. Ona görə də 18 fevral 1929-cu ildə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin qərarı ilə Zəngilan rayonunun Nüvədi, Əldərə, Leyfaz, Astazur və digər kəndlərinin Ermənistana verilməsi hesabına Mehri rayonu təşkil edildi. 1941-ci ildə Mincivan-Culfa dəmiryolu çəkildi ki, bu da Mehri rayonunun ərazisindən keçirdi. Yuxarıda adlarını çəkdiyimiz azərbaycanlılardan ibarət olan kəndlərdə stansiya da qurulmuşdur və həmin kəndlərin əhalisi azərbaycanlılardan ibarət idi. İşğala qədər həmin yer adları olduğu kimi qalırdı.
Burada bir mühüm məsələni də vurğulamaq lazımdır ki, Zəngilan rayonundan alınıb Mehri rayonuna verilən Nüvədi kəndi 1991-ci ildən işğal olunmuşdur. Kənd camaatı Zəngilan rayonunun Bartaz kəndi ərazisində məskunlaşmışdı. Onu da qeyd edək ki, həmin kəndlər 1927-ci ildə Ermənistana verilsə də, faktiki olaraq rəsmi sənəd yox idi. Lakin 1969-cu ilin mayında Azərbaycan SSR Ali Soveti qərarı təsdiqlədi. İşğaldan uzun illər keçsə də, artıq geriyə qayıdış başlayır. Zəngəzur dəhlizinin açılması arzularımızı gerçəkləşdirəcəkdir.
Qarakilsə (Sisyan) rayonu
Qədim Zəngəzur mahalının Ermənistana verilmiş rayonlarından olan Qarakilsə (Sisyan) rayonu 1930-cu ilin 9 sentyabrında yaradılmışdır. 1988-ci ilə qədər Şəki, Dəstəyurd, Qızılcıq, Sofulu, Murğuz, Şıxlar, Ağudi, Vağudi, Urud, Ərəfsə, Comərdli kəndlərində azərbaycanlılar yaşayırdılar. 1940-cı ilə qədər Qarakilsə rayonu adlandırılsa da, ermənilər buranın da adını dəyişib erməniləşdirdilər. Böyük bir əraziyə malik olan Qarakilsə rayonu dörd tərəfdən Zəngəzur və Bərgüşad silsilələri və Sünik yaylası ilə əhatə olunmuşdur. Gözəl təbiətə malik olan Qarakilsə rayonundan axan Bazarçay çayı bu gözəlliyi daha da artırır. Rayonun maddi-mədəni irsi də zəngindir. Alban mədəniyyətinə məxsus olan abidələri də ermənilər özününküləşdirmişlər. Urud kəndi ərazisindəki daş heykəllər bütün dünyaya «ermənilərin daş dövrü abidəsi» kimi təqdim edilir. Zəngəzur mahalının Qarakilsə rayonu ərazisində eramızdan əvvəl II minilliyə aid edilən Qoşundaş tikili qalıqları, e.ə. V-II minilliklərə aid Qarakilsə qayaüstü təsvirləri və s. dağıdılmışdır. İndi isə yeni reallıqlar yaranıb. İnanmaq olar ki, Qarakilsənin azərbaycanlı əhalisinin yenidən öz ata-baba yurdlarına qayıdacaqları gün uzaqda deyildir.
İsa MUSAYEV