22.04.2026, 16:17
AZ EN
22.04.2026, 13:00 204

Xankəndidə kiçik sahibkarın böyük arzuları

QARABAĞ
  • Bu gün doğma Qarabağa Böyük Qayıdışın sevincini yaşayırıq. Bura qədəm qoyan soydaşlarımızın hər biri doğma yurdun dirçəlişinə öz töhfəsini verməyə çalışır. Xankəndidə kiçik sahibkar kimi fəaliyyət göstərən Nazilə xanımın da ən böyük arzusu budur. Ağdamın Mərzili kəndindən olan Nazilə xanım “Vətən səsi”nə müsahibəsində öz işini gələcəkdə ata yurdunda davam etdirəcəyini söyləyir...      

“Ermənilər toyuq-cücə, it-pişik demədən hamısını güllələmişdilər...”

Nazilə Əfqan qızı Məmmədova  anadan olduğu Mərzili kəndindən məcburi köçkün düşəndə 13 yaşı vardı. Atası yenicə vəfat etmişdi. Həmin vaxt mərmilər altında təşviş içində yaşadıqlarını xatırlayan Nazilə deyir: “1992-ci il dekabrın 6-da ermənilər kəndimizə güclü hücuma keçdilər. O gün kəndə qar yağmışdı, qış çox sərt keçirdi. Qardaşlarım “Alaqapı” deyilən yerdə kəndin mühafizəsində dayanmışdılar. Səhər saat 9-10 olardı. Atamın yasına görə nənəm, başqa qohumlarımız da bizdə idi. Həyətdən gələn anam kəndin o başından tank səsi eşitdiyini dedi. Bir azdan qonşular qışqırdılar ki, tez çıxın, ermənilər kəndə hücüma keçiblər... Mərzili kəndində böyük bir toyuq ferması var idi. Düşmən kəndi mühasirəyə almaq üçün arxadan, həmin o ferma tərəfdən hücum etmişdi. Biz evdən çıxıb qonşu Novruzlu kəndinə qaçdıq. Ermənilər kəndimizə girsələr də, orada qala bilmədilər. Yuxarı məhlələrdə bir neçə evi talamış, yandırmışdılar. Sonra bizim igid oğullarımız düşməni kənddən qovub çıxardılar. Biz bir neçə gün Novruzlu kəndində qaldıqdan sonra yenidən Mərziliyə qayıtdıq...”

Onlar kəndə qayıtsalar da, hər an qorxu, təşviş içində yaşayıblar. Nazilə xanım bildirir ki, bu elə bir vəziyyətdi ki, onu ancaq yaşayanlar bilər...

Mərzili kəndi düşmən əlinə keçəndə Nazilə xanımgil Bərdə rayonunun Lənbəran kəndinə pənah aparıblar: “Hava çox isti idi, ilk dəfə ağcaqanadı biz burada gördük. Evimizdən heç nə götürə bilməmişdik. Bizim çoxlu mal-qaramız var idi. Kənddən ancaq bir neçə qoyun çıxarmışdıq. Bir də çoban olan dayım 3 inəyimizi çıxara bilmişdi. Ermənilər toyuq-cücə, it-pişik demədən hamısını güllələmişdilər”.

“Anam üzü dağlara ağı deyib ağlayırdı...”

Naziləgil Ağcabədi rayonynun Təzəkənd kəndində asfalt yolun kənarında köçkünlərin yerləşdirildiyi düşərgəyə gəlib çıxırlar. Burada beynəlxalq humanitar təşkilatlar köçkünlər üçün çadırlar düzəldir, kərpicdən daxallar tikirdilər. Nazilə xanım xatırlayır: “Bizə də belə bir daxal tikildi, illərlə orada ağır şəraitdə yaşadıq. Onda anam məni Bakıda ailəsi ilə yaşayan bacımın yanına göndərdi. Mən paytaxtdakı 64 nömrəli orta məktəbi bitirib, 1998-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil oldum. 2002-ci ildə ali təhsilimi başa çatdırıb anamgilin yanına qayıtdım. Anamın üzü Ağdama, dağlara sarı ağı deyib ağlaması heç vaxt yadımdan çıxmaz! Anam deyirdi ki, kəndimiz alınsın, torpağıma sürünə-sürünə gedəcəyəm. Amma Mərzilini yenidən görmək anama qismət olmadı...”

Nazilə xanım sonra ailə qurub, iki qızı dünyaya gəlib. Ali məktəbi bitirəndən 2012-ci ilə qədər Ağdamda köçkünlər üçün açılmış 129 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləyib. Daha sonra ailəsi ilə birgə Bakıya köçüb və burada müxtəlif vəzifələrdə çalışıb. 2018-ci ildən isə Heydər Əliyev adına Hava Limanında növbə rəisi kimi işləməyə başlayıb.

“Şəhidlərimizin şəkilləri gözlərim önündən getmirdi...”

Ermənistanın işğalçı qüvvələrinə qarşı rəşadətli ordumuzun apardığı və Zəfərlə başa çatdırdığı 44 günlük Vətən müharibəsi zamanı Naxçıvandan olan şəhidlərimiz hava limanından yola salınarkən Nazilə xanım dərin sarsıntı keçirib. O deyir: “Şəhid tabutlarının üzərində gənc  oğullarımızın şəkillərini görürdüm və onların siması gözümün önündən heç vaxt getmirdi. O şəkillərə görə depressiyaya düşmüşdüm... Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, qalib Prezidentimiz var olsun!. Çox şükür ki, torpaqlarımız işğaldan azad olundu. Vətən müharibəsi hamımzı birləşdirdi, bir yumruq olduq”.

“Xankəndidə yaşadığım üçün çox xoşbəxtəm”

Hər bir kəndimizin, qəsəbəmizin, şəhərimizin işğaldan azad edilməsinə ürəkdən sevinən və doğma torpaqlarda yaşamağı arzulayan Nazilə xanım kiçik sahibkar kimi çalışmaq üçün Xankəndini seçib. Ötən ildə bu yenidən qurulan, abadlaşdırılan şəhərdə yaşayıb işləyir. O deyir: “Qarabağda olduğum üçün çox xoşbəxtəm. Çalışıram ki, öz işimlə Böyük Qayıdışımıza, Vətənimə mən də bir töhfə verim. Bu böyük işdə,  az da olsa, mənim payım olsun. İşimi gələcəkdə böyütmək istəyirəm. İnşallah, buradakı işimi doğma kəndimizdə - Mərzilidə davam etdirəcəyəm. Mən Qarabağa qayıdandan həyata elə bağlanmışam, həyatı elə sevməyə başlamışam ki, düşünürəm, bu belə də davam edəcək”.

Mina RƏŞİD

Oxşar xəbərlər