Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının giziri Vüsal Məhəmmədəli oğlu Əliyev 1991-ci il oktyabrın 2-də Cəlilabad rayonunun Rüstəmabad kəndində anadan olub. 2009-cu ildə Rüstəmabad kənd orta məktəbini bitirib. 2009-2011-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildə Dövlət Sərhəd Xidmətində xidmətə qəbul olunan Vüsal Əliyev Xudat sərhəd dəstəsinin 11-ci sərhəd zastavasına təyinat alıb. 2015-ci ilin avqust ayında xidmət yeri Çevik Hərəkət Briqadasına dəyişilən Vüsal manqa komandiri, sürücü-mexanik vəzifələrində öz bacarığı ilə fərqlənib, 2016-cı ildən isə xidmətini kəşfiyyat bölüyündə davam etdirib.
2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günlərindən kəşfiyyat bölüyünün tərkibində ön cəbhəyə yollanan Vüsal döyüş yoldaşları ilə çiyin-çiyinə bir sıra uğurlu əməliyyatlarda iştirak edib. Şuşanın azadlığı baxımından mühüm strateji əhəmiyyət kəsb edən Hadrut qəsəbəsinin işğalçılardan təmizlənməsi kimi mühüm bir tapşırıq gələn vaxt Vüsal da digər hərbçi yoladaşları kimi döyüşə atılıb.
Gizir Vüsal Əliyev oktyabrın 15-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb. Şəhidimiz böyük izdiham və ehtiramla oktyabrın 16-da doğma Cəlilabad rayonunun Rüstəmabad kəndində torpağa tapşırılıb.
Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin Sərəncamlarına əsasən Vüsal Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
Döyüş yoldaşları deyirlər ki, Vüsal heyət arasında həm bir dost, həm də silahdaş kimi başqalarından fərqlənirdi.
Qeyd edək ki, şəhid Vüsal Əliyev ailəli idi, şəhadətindən 3 ay sonra övladı dünyaya gəlib. Vüsalın vəsiyyəti ilə oğluna Hüseyn adı verilib.
Bir türk şairinin dediyi kimi, biz yüz-yüz ölər, amma min-min də doğularıq...
Şəhidlər ölməz, Vətən bölünməz!
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman şəhidim!
Mina RƏŞİD