Bu gün bütün erməni KİV-lərində göstərilir ki, parlamentin dekabrın 20-də sədr Alen Simonyanın təşəbbüsü ilə keçirilən təcili iclasında yeni strukturun - xarici kəşfiyyat xidmətinin yaradılması üçün təqdim olunmuş qərar layihəsi müzakirə edilib və müvafiq qanun qəbul olunub. İclasda iştirak edən Baş nazir Nikol Paşinyan sözügedən xidmətin yaradılması ilə müəyyən irəliləyişə nail olunacağına əminliyini ifadə edib. İclasda yenə də Azərbaycanın və qardaş Türkiyənin ünvanına əsassız ittihamlar səsləndirilib, həmçinin 4 deputatın öz səlahiyyətlərinə son qoyduqları barədə ərizələrinə baxılaraq və qəbul edilib, onların əvəzinə isə daha 4 nəfər deputat mandatı qazanıb. Xatırladaq ki, Ermənistanda parlamentə seçkilər proporsional qaydada keçirilir və istefa verən deputatın əvəzinə siyahıdakı növbəti şəxs seçilir. İqtidarla müxalifətin bir-birinə qarşı ittihamları daha çox yer alan bu iclasda parlamentin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyanın çıxışı isə orijinallığı ilə diqqəti daha çox çəkib. Belə ki, o, komissiya sədrliyindən istefa verməsinin və bu vəzifəyə daha təcrübəli deputatın seçilməsinin vacibliyini bildirib. Buna qədər isə o təmsil olunduğu «Vətəndaş müqaviləsi» blokunun iclasında istefa verməsinin digər bir neçə səbəbinin də olduğunu açıqlayıbmış. «Joğovurt»un müxbiri sözügedən məsələnin tam dəqiqliyini öyrənmək üçün xarici əlaqələr komissiyasının üzvlərinə sual ünvanlayıb və ona bildiriblər ki, Ağacanyanın baxışları xüsusilə indiki şəraitə uyğun deyil. Ona görə də o, belə bir qərar qəbul edib Eduard Ağacanyan düşmən ölkə ilə danışıqların davam etdirilməsi və sülh müqaviləsinin imzalanmasının Ermənistan üçün gərəkli olduğunu dəfələrlə bəyan edib və buna görə həm komanda yoldaşları, həm də müxalifət tərəfindən dəfələrlə etirazla qarşılanıb. Ümumiyyətlə isə dekabrın 20-də keçirilən parlament iclası Ermənistanın indiki reallıqlar şəraitində nə edəcəyini hələ dəqiqləşdirə bilmədiyini əyani surətdə sübut edir.
Nəsib QARAMANLI