Bunu açıqlamasında Azərbaycan Memarlar İttifaqının katibi, memarlıq üzrə fəlsəfə doktoru Rüfət Ağazadə deyib.
O bildirib ki, Qarabağ və Şərqi Zəngəzur regionunun yüksək iqtisadi potensiala malik olması nəzərə alınaraq, bölgənin sosial-iqtisadi inkişafına yönəlik tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsi başlıca məsələlərdən biridir: “İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə Əlaqələndirmə Qərargahı yaradılıb. Həyata keçirilməsi nəzərdə tutulan ümumi bərpa-quruculuq işləri fonunda şəhərsalma və yol infrastrukturu ilə bağlı məsələlərin həlli qarşıda duran ən önəmli vəzifədir. Azərbaycan hökuməti şəhərsalma planlaşdırması, tarixi-memarlıq irsinin bərpası və yenidənqurma məsələlərində də konseptual və innovativ yanaşma tətbiq etmək niyyətindədir. Dövlətimizin başçısı şəhər və kəndlərin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında qurulmasının zəruriliyini vurğulayaraq bu barədə artıq müvafiq tapşırıqlarını verib. Bu konsepsiyanın əsası şəhər və kəndlərin məhz sosial innovasiyalar vasitəsilə idarə olunmasına və insanların sosial infrastruktura çıxışını təmin edən yeni, tam fərqli inkişaf modelinin tətbiqinə əsaslanır. Bu strateji konsepsiyanın reallaşdırılması kənd və şəhərlərin planlaşdırılmasına, istismarına, əlaqələrin təşkilinə və idarəetmə proseslərinə yeni yanaşmalar tələb edir. Buraya həm də fərqli üslubda şəhərsalma həllərinin tətbiqi, intellektual şəhər və kənd planlaşdırması, mühəndis təminatında səmərəli enerji mənbələrindən, yaşıl texnologiyalardan istifadə, əlçatan səhiyyə, təhsil, bank-maliyyə imkanlarının yaradılması və s. aiddir. Yüksək səmərəlilik və operativliklə səciyyələnən “Smart” məzmunlu layihələr, işğaldan azad edilmiş şəhər və kəndlərin qısa zaman ərzində ölkənin vahid sosial-iqtisadi sisteminə qovuşmasına və ümumi yaşam konsepsiyası ilə uyğunlaşmasına şərait yaradacaq. Eyni zamanda, bərpa prosesində Qarabağ regionuna xas olan zəngin memarlıq üslubunun qorunub saxlanması vacibdir. Qarabağın əsas qalası olan Şuşanın memarlıq simasını məhz azmərtəbəli tikililərdə, ensiz küçələrdə, tarixən formalaşmış şəhər mühitində, forma və həcmlərin ahəngliyində görürük. Qarabağ - Azərbaycan mədəniyyətinin beşiyidir. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında sosial-iqtisadi və ərazi planlaşdırılmasının vəhdəti prinsipi rəhbər tutulur, müasir şəhər mühiti ilə şəhərin tarixi memarlıq irsi arasında qarşılıqlı əlaqə təmin edilir, yaşayış mühiti tiplərinin və şəhərsalma situasiyalarının müxtəlifliyi nəzərə alınır”. (AZƏRTAC)