Bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində qalib Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində ölkə ərazisində kök salmış separatizmə birdəfəlik son qoyuldu: “Dövlətimiz öz ərazisi üzərində konstitusiya quruluşuni bərqərar etdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən separatçılardan tamamilə təmizlənən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində 2023-cü il oktyabrın 15-də şanlı Dövlət Bayrağımızın ucaldılması xalqımızın şanlı tarixi səhifələrindən biri kimi yaddaşlara həkk olundu. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi də tarixi hadisə idi”.
Deputat bildirib ki, artıq işğaldan azad edilmiş bütün ərazilərimizdə olduğu kimi, bu bölgələrimizdə də bərpa-quruculuq işləri ardıcıllıqla icra edilir: “Qısa zamanda Xankəndidə Qarabağ Universitetinin yaradılması məhz bu bölgənin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələblərinə uyğun olaraq regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirilməsi istiqamətində atılan mühüm addımdır. 2023-cü il dekabrın 5-də isə Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradılıb. Bu qərar da bölgədə idarəçiliyin optimallaşdırılması baxımından önəmli addımdır”.
Sevinc Hüseynova vurğulayıb ki, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri bu gün yeni dövrə qədəm qoyub: “2020-ci il Vətən Müharibəsində əldə olunan parlaq Qələbə və 2023-cü ilin sentyabrındakı keçirilən lokal antiterror tədbirləri nəticəsində 30 ilə yaxın işğal altında qalmış Qarabağ və Şərqi Zəngəzur əsl sahiblərinə qovuşub. Bu gün bölgədə yeni bir reallıq yaranıb. Bölgədə genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir. 2022-ci ildə qəbul edilmiş “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq ərazilərdə yaşayışın bərpası, keçmiş məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı təmin edilir. Yaşayış sahələrinin inşası, sosial xidmətlərin bərpası, kənd təsərrüfatı və sənaye zonalarının yaradılması, “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyasına uyğun həyata keçirilir. Bölgədə bərpa olunan enerji, rəqəmsal infrastruktur, müasir kənd təsərrüfatı texnologiyaları tətbiq olunur. Ərazilərin minalardan təmizlənməsi kimi ağır bir prosesin fonunda icra edilən bu layihələr nəticəsində Qarabağ və Şərqi Zəngəzurin siması tamamilə dəyişir”.