10.08.2025, 18:09
AZ EN
10.08.2025, 08:12 111

Turan Rzayev: "Rusiya İrəvan və Bakıdan tələb etdiyi “regional balans”ı çoxdan özü pozub"

YAZILAR
  • Rusiya axır ki, sükutu pozdu. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycan və Ermənistan arasında sülh prosesinə dair açıqlama verib. Onun sözlərinə görə, tərəflər yalnız ikitərəfli münasibətləri deyil, həm də regiondakı geosiyasi balansı nəzərə alaraq addımlar atmalıdır: “Azərbaycan və Ermənistan sülh prosesində regional balansı nəzərə almalı və öz xarici siyasətlərini bu balansa uyğun formalaşdırmalıdır” – deyə Zaxarova vurğulayıb.

"O, Moskvanın Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin qorunmasında maraqlı olduğunu, bunun isə bütün tərəflərin qarşılıqlı hörmət və konstruktiv dialoqu əsasında mümkün ola biləcəyini qeyd edib.

Zaxarova nə sərt etiraz, nə də açıq dəstək ifadə edir. Bununla belə, Moskvanın narahatlığı aydın sezilir. Xüsusilə “regional balans” ifadəsi diqqət çəkir".

Bunu açıqlamasında politoloq Turan Rzayev deyib.

Politoloqun fikrincə, Moskva bununla açıq şəkildə bölgənin gələcək geosiyasi arxitekturasında öz payını qorumaq niyyətində olduğunu ifadə edir:

"Zaxarovanın “xarici siyasəti balansa uyğun formalaşdırmaq” çağırışı isə açıq şəkildə Bakı və İrəvana ünvanlanan xəbərdarlıqdır. Yəni ABŞ-ın təklif etdiyi yeni düzəni qəbul etsəniz belə, Moskvaya manevr sahəsi buraxmalısınız. Əks halda, həmin balans pozular və Rusiya başqa mexanizmlərlə prosesə təsir edər.

Bu məqam mühümdür. Çünki Rusiyanın regional təsir mexanizmləri hələ də qalır, xüsusilə də Ermənistanda. Daha dəqiq desək, Rusiyanın Azərbaycana ehtimal olunan təzyiq rıçaqlarının ən önəmliləri – işğal faktoru, separatizm, yeni separatçı ocaqlar (Ləzgi, talış kimi), “5-ci kolon”, sülhməramlı kontingent və s. – artıq itib. Buna görə də ehtimal olunan təzyiqlər Ermənistandan gözlənilir. Ermənistanla hərbi ittifaqlar (KTMT), iqtisadi bağlar (Avrasiya İttifaqı), regionda hərbi mövcudluq (Gümrü bazası) və enerji-nəqliyyat layihələrində oynaya biləcəyi kartlar hələ də masadadır.

Buna görə də Zaxarova ölkəsi adından mesaj verir. Mesaj isə ümumilikdə belədir: “Mən bu oyundan çıxmamışam”, “Yalnız bir tərəflə işləmək balansı pozar”, “Biz hələ də bölgədə söz sahibiyik”.

Bununla belə Rusiyanın nə düşünməsindən asılı olmayaraq, Bakı və İrəvan bir seçim etdi. Şübhəsiz ki, bunun nəticələri olacaq".

T.Rzayev daha sonra əlavə edib ki, Rusiyanın da boş duracağını heç kəs gözləmir: "Yəni “şimal ayısı” bu və ya başqa formada nə isə edəcək. Amma bunun effektivliyi sual altındadır.

Rusiya faktiki olaraq Cənubi Qafqazı itirir. Üstəlik, bunun səbəbkarı və təkanvericisi özüdür. Azərbaycan Cənubi Qafqazın açarıdır. Bəli, kiçik ölkəyik, amma çəkimiz, əhəmiyyətimiz və geostrateji mövqeyimiz bizimlə rəftarı və müraciəti həssas edir.

Rusiya İrəvan və Bakıdan tələb etdiyi “regional balans”ı çoxdan özü pozub. Xüsusilə Bakı ilə gərginliyin davam etməsi və hələ də müstəmləkəçi təfəkkürdən doğan yanaşmalar bu balansı pozan başlıca faktordur.

İstisna deyil ki, Kreml bundan sonra İrəvana daha çox təzyiq edəcək. Buna görə də N. Paşinyan tələsməlidir. Ehtimal addım kimi Paşinyan parlament seçkilərini erkənə çəkib Konstitusiya dəyişikliyinə gedə bilər".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər