Bu sözləri məşhur “Xocavənd əməliyyatı”nın iştirakçısı, kəşfiyyat qrupunun çavuşu Aqil Əhmədov deyib.
O, xatirələrini bu cür bölüşüb: “Ozamankı təmas xəttini təxminən 30 kilometr keçdiyimiz üçün döyüş aparmaq olduqca çətin idi. Ermənilər təslim olmağımızı tələb etsələr də, bu təklifi rədd etdik. Bundan sonra qızğın döyüş başladı. Həmin vaxt onurğama qəlpə dəydiyi üçün ağır yaralandım və huşumu itirdim. Yadımda dumanlı şəkildə ancaq kiminsə “Allahu Əkbər” deyə qışqırması qalıb. Ayılanda artıq düşmən əlində idim. Düşünürdüm ki, döyüş yoldaşlarım mühasirəni yaracaq və məni də oradan çıxaracaqlar. Sən demə, onlar ələ keçməmək üçün bir yerə toplanaraq qumbaranı çəkib özlərini partladıblar. Ermənilər mənə onların cəsədlərinin şəkillərini göstərəndə dəhşətə gəldim, sinələri gül kimi açılmışdı..."
A.Əhmədov əsirlik günlərindən danışır: "Əsir düşdüyümün ilk gecəsi su istədiyimi xatırlayıram. Başımın üstündə yad formada silahlı bir hərbçi dayanmışdı, ağır yaralı olduğum üçün mənə su vermədi. Səhər isə üzümə dəyən şillələrin təsirindən oyandım. Başımın üstündə ağxalatlı bir həkim və otaq dolu adam var idi. Məhz onda əsir düşdüyümü tam dərk etdim. Düz 1 il 11 ay təkadamlıq kamera şəraitində saxlanıldım. 1998-ci ilin fevralında erməni məhkəməsi mənə güllələnmə hökmü çıxardı. Yalnız 1999-cu ilin martında Ulu Öndər Heydər Əliyevin böyük səyləri nəticəsində ermənilərlə dəyişdirilərək Vətənə gətirildim. Aylarla xəstəxanada müalicə aldım. Hazırda o döyüşdən xatirə qalan qəlpə hələ də ürəyimlə ciyərimin arasındadır və mən 1-ci qrup əliləm”.
“Xocavənd əməliyyatı”nın iştirakçısı sözünə davam edir: "Heç yadımdan çıxmaz, əsirlikdə olanda yaşlı və hündürboylu bir erməni polkovniki yanıma gəlib dedi: Mənə sənin silahın və ya fiziki hazırlığın maraqlı deyil. Mənə de görüm, sizə hansı dərsləri keçiblər ki, gözünüzü qırpmadan özünüzü partlada bilirsiniz? Bu sualın qarşısında tək onu deyə bildim ki, biz hamımız beləyik. Əslində, bu, hansısa təlimin yox, xalqımızın xislətində olan Vətən sevgisinin nəticəsi idi.
Ermənilər şəhid döyüş yoldaşlarımı Cəbrayılın Daşkəsən kəndində yerləşən hərbi hissələrinin yaxınlığındakı təpədə dəfn etmişdilər. Öz əsgərlərini həmin məzarların başına gətirib əsl kəşfiyyatçının necə olması barədə nümunə göstərirdilər. Şəhidlərimizin nəşini düşməndən yalnız 6 ay sonra, 1997-ci il oktyabrın 14-də almaq mümkün oldu. Oktyabrın 16-da isə onlar indiki Hərbi Memorial Məzarlıqda (İkinci Şəhidlər Xiyabanı) torpağa tapşırıldılar. Ermənilər o məzarları bir qənimət kimi saxlasalar da, o hadisə onlara bir şeyi mütləq xatırladırdı: Azərbaycan əsgəri bir gün mütləq qayıdacaq! Qayıtdı da, özü də necə lazımdırsa..."