Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Qaya Məmmədov söyləyib.
O bildirib ki, Prezident Donald Trampın Prezident İlham Əliyevi Ağ Evə dəvət etməsi və iki ölkə prezidentləri arasında aparılmış məzmunlu danışıqlar etimad mühitini bərpa etdi və əlaqələri strateji tərəfdaşlıq müstəvisinə qaytardı. Həmin görüş zamanı imzalanmış Anlaşma Memorandumu gələcək strateji əlaqələr üçün möhkəm hüquqi-siyasi baza yaradır. Bundan əlavə, Prezident Trampın “Azadlığı Dəstəkləmə Aktına” 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncam imzalaması ikitərəfli münasibətlərdə olmuş ən xoşagəlməz amillərdən birini aradan qaldırır. Bütün bu addımlar iki ölkə arasında ticarət, nəqliyyat, müdafiə, təhlükəsizlik, yeni texnologiyalar, süni intellekt daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə praktik əməkdaşlıq üçün möhkəm əsaslar yaradır.
Deputat vurğulayıb ki, Vaşinqton səfəri Ermənistan-Azərbaycan sülh prosesi baxımından da mühüm irəliləyiş gətirib. Səfər zamanı Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında Birgə Bəyannamə imzalandı. ABŞ Prezidentinin şahid kimi imzaladığı bu sənəddə sülhün bərqərar edilməsi məqsədinə sadiqlik ifadə olunur, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının qurulmasına şərait yaratmaq öhdəliyi Ermənistan tərəfindən qəbul edilir. Bundan başqa, iki ölkə xarici işlər nazirləri ATƏT-in Minsk Qrupunun buraxılması barədə birgə müraciət imzaladılar. Minsk Qrupunun ləğvi isə sülh sazişinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü əsas şərtlərdən biridir.
“Səfər zamanı, həmçinin iki ölkənin xarici işlər nazirləri “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini parafladı, yəni üzərində danışıqlar başa çatmış mətnin həqiqiliyini təsbit etdilər. Sazişin paraflanması onun imzalanması istiqamətində əhəmiyyətli addımdır. Prezident İlham Əliyevin görüşdən sonra verdiyi müsahibəsində bildirdiyi kimi, Ermənistanın yerinə yetirməli ev tapşırıqları hələ qalmaqdadır. Söhbət sülh sazişinin imzalanması üçün Azərbaycanın digər şərtinin yerinə yetirilməsi - Ermənistanın konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasından gedir. Qeyd edək ki, Birgə Bəyannamədə sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməli olması barədə müddəa məhz Ermənistanın konstitusiya dəyişikliyinə aiddir. Ermənistanın ATƏT-in Minsk qrupunun ləğv edilməsinə razı olması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantıya şərait yaratmaq öhdəliyini yenidən təsdiq etməsi Prezident İlham Əliyevin prinsipial mövqeyinin təntənəsi və Azərbaycanın tarixi uğurudur. Vaşinqton səfəri Prezident İlham Əliyevin ölkənin milli maraqlarını qorumaq, sülh və regional sabitliyi təmin etmək istiqamətində nümayiş etdirdiyi liderliyinin bariz nümunəsidir. Azərbaycan Prezidentinin diplomatik məharəti sayəsində ABŞ-la strateji əməkdaşlıq daha zəngin gündəliklə bərpa olundu və sülh gündəliyi konkret addımlarla irəlilədildi. Mövcud geosiyasi reallıqlar şəraitində bu nailiyyətlər ölkəmizin milli təhlükəsizliyini daha da möhkəmləndirir, beynəlxalq nüfuzunu artırır, regionda sülh və sabitlik üçün möhkəm əsas yaradır”, deyə Q. Məmmədov diqqətə çatdırıb.(AZƏRTAC)