“Orta dəhliz, Zəngəzur dəhlizi kontekstində də Azərbaycan üzərindən yüklərin daşınması bu gün siyasi gündəlikdə olan ən mühüm prioritetlərdən biridir”. Bunu politoloq İlyas Hüseynov mətbuata açıqlamasında deyib. O, bildirib ki, digər tərəfdən dövlət başçıları arasında müntəzəm görüşlər, dialoqlar və təmaslar da nəzərdə tutulmuşdur: “Artıq bu dialoq baş verir, müşahidə olunur və dialoq çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə və geniş coğrafiyalarda əməkdaşlıq kontekstində məsələlər müzakirə olunmaqdadır”.
Təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan müşahidəçi statusu almaq niyyətindədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf edərək regionda ən nüfuzlu dövlətə çevrilən Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu alması bu qurum üçün də böyük önəm daşıyır. Çünki Azərbaycan gənc, müstəqil dövlət olmasına baxmayaraq, özünü bütün dünyada möhtəbər beynəlxalq tədbirlərə uğurla rəhbərlik edən ölkə, qlobal səviyyəli məsələlərin müzakirə olunduğu mühüm platforma kimi sübut edib. Prezident İlham Əliyevin Astana sammitində iştirakı Azərbaycan COP29-la bağlı mesajlarının çatdırılması, səmərəli müzakirələrin aparılması baxımından da çox əhəmiyyətlidir.
Tahirə AĞAMİRZƏ