Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlıların nəzarət zonasında yaşayan separatçılar Ermənistanla şərti dövlət sərhədinin Laçın yolu hissəsində nəzarət buraxılış məntəqəsinin qurulmasını heç cür həzm edə bilmir. Gah rəsmi Bakı ilə dialoqun qaçılmaz olduğunu, gah da separatçı mövqedən geri çəkilməyəcəyini bəyan edən ermənilər siyasi manevr imkanlarının daraldığını anlayırlar. Əli hər yerdən üzülən sadə ermənilər isə uzun müddət belə vəziyyətdə yaşamağın çətinliyini başa düşərək Azərbaycana inteqrasiya prosesinin sürətləndirilməsini istəyirlər. Hətta hazırkı vəziyyətə görə Qarabağdakı separatçı liderləri və Rusiya sülhməramlı kontingentinin komandanını ermənilərin qarşısına çıxıb onların suallarına cavab verməyə çağırırlar. Növbəti belə tələb “Laçın dəhlizinin açılması üçün xalq hərəkatı" adlı təşəbbüs qrupundan gəlib.
“Vətən səsi” xəbər verir ki, iyunun əvvəlində Xankəndidə yaradılmış təşəbbüs qrupu "laqeyd olmayan vətəndaşları Dağlıq Qarabağın blokadasının götürülməsi tələbi ilə” etiraz aksiyalarına başlamağa çağırıb. Bildirilib ki, qondarma rejimin “parlamenti” Rusiya sülhməramlılarından dəhlizi açmağı tələb etməlidir. Əgər bunu etməsələr, onda Qarabağa beynəlxalq sülhməramlı qüvvələrin daxil olmasına nail olmaq lazımdır.
Bu çağırışdan bir qədər sonra, iyunun 26-da “deputatlar” təşəbbüs qrupunun fəallarını görüşə dəvət edərək onların tələblərini qapalı formatda müzakirə etməyə hazır olduqlarını bildiriblər. Lakin fəallar “deputat”ların dəvətini rədd edərək bunu müzakirədən imtina kimi qiymətləndiriblər. Bundan sonra onlar Rusiya sülhməramlılarının komandanlığına məktub yazaraq görüş istəyiblər. İyunun 30-da sülhməramlıların komandanlığı təşəbbüs qrupunun nümayəndələrini qəbul etməyə razılıq verib. Ancaq görünür, sülhməramlı kontingentin rəhbərliyi ilə görüş erməni fəalları qane etməyib və onlar növbəti addım kimi etiraz aksiyası keçirmək barədə qərar qəbul ediblər.
Təşəbbüs qrupunun nümayəndəsi, bloger David Vanyan dünən öz səhifəsində Qarabağ ermənilərini sülhməramlıların Xocalıdakı qərargahı qarşısında mitinqə toplaşmağa çağırıb. O, müraciətində qeyd edib ki, separatçı rejimin “prezidenti” Arayik Arutyunyan və Rusiya sülhməramlı kontingentinin Artsaxın (Dağlıq Qarabağ) komandiri Aleksandr Lentsovdur əhalinin qarşısına çıxıb regiondakı vəziyyət və “Laçın yolu”ndakı nəzarət-buraxılış məntəqəsində pasport yoxlanışının əsl səbəbləri barədə suallara cavab verməlidir.
“Bu məsələlərlə bağlı niyə görə heç bir iş görülmür? Sabah (yəni iyulun 5-i) səhər saatlarında camaatı Xocalıdakı qərargahın qarşısına çıxıb Arayik Arutyunyandan və Aleksandr Lentsovdan cavab tələb etməyə çağırırıq. Hamı birlikdə. Cavabları aldıqdan sonra biz işimizin irəliləməsi üçün hansı addımları atmalı olduğumuzu anlayacağıq”, -deyə D.Vanyan yazıb.
“Mənim hüququm” hərəkatının və “Artsax inqilab partiyası”nın rəhbəri Artur Osipyan isə “Facebook” səhifəsində Qarabağdakı erməni ictimaiyyətini, separatçı rejimin liderlərini və qondarma “parlamenti”n nümayəndələrini Ermənistanın Azərbaycanla şərti sərhədində - Laçın yolunda pasport yoxlanışının aradan qaldırılması üçün birləşməyə, birlikdə mübarizəyə başlamağa çağırıb. O bildirib ki, lazım gələrsə, hamı birlikdə dəhliz boyu hərəkəti açmaq üçün Həkəri çayı üzərindəki körpüdə yerləşən Azərbaycan nəzarət-buraxılış məntəqəsinə də yürüş etməlidir.
Artur Osipyan hətta Rusiya sülhməramlılarını da bu təxribatçı hərəkətlərinə cəlb etmək niyyətini də gizlətməyib: “Mütləq sülhməramlıları da özümüzlə aparmalıyıq”.
Elxan SALAHOV