16.06.2025, 23:33
AZ EN
05.06.2025, 15:00

Bütün yollar Laçına aparır

Şərif AĞAYAR

  • Laçında kəndlər, yaylaqlar, dağlar arasındakı məsafə at mənzili ilə ölçülürdü. Çünki əsas nəqliyyat vasitəsi at idi. Misal üçün, rayon mərkəzinə hər gün səhər saat 5-6-da yola düşən avtobus saat 8-9 radələri güc-bəla ilə çatırdı.

Bəli, aşağı-yuxarı 60 km yolu üç saata gedirdik.

O da qarşımıza maneə çıxmasa.

Bəzən qar, bəzən isə sel-su yolu bağlayırdı. Sürücülərin beli, köşkülü, külüngü, lomu maşında hazır olmalıydı. Bir də görürdün gecədən sel gəlib, dərənin keçidində yolu uçurub. Sərnişinlər avtobusdan tökülüb yolun uçan hissəsinə daş daşıyırdı. Belə narahat yerdən avtobus adətən boş keçir, rahat yerə çıxanda adamları yığırdı.

Laçın şəhərindən kəndimizə avtobus da çıxsın, yaxşı bir at da, təxminən eyni vaxtda çatardılar. Hələ mən şəhərlə kənd arasındakı məsafədən danışıram, yaylaqlarda hərəkət etməyə maşın çox aciz idi. Təsəvvür edin, Minkənd, Qarakeçdi boyda kəndlərdən Kəlbəcərə normal maşın yolu yox idi. Qışda hərəkət ümumiyyətlə mümkün deyildi. Eləcə də yazın və payızın yağmurlu havalarında.

Laçın şəhəri işğal olunanda rayonun şəhərdən şimala düşən əsas hissəsi mühasirədə qaldı. Hamı maşınlarını, evlərini, hətta bəzi ailələr heyvanlarını qoyub çıxası oldu. Çünki Dəlidağ yolunu ya atla gedə bilərdin, ya da piyada.

Murov dağında yenə yaxşı-pis bir yol vardı, Laçın-Kəlbəcər arasında yox idi. Hətta Şəlvə zonasından hərəkət nisbətən mümkün olsa da, yenə qənaətbəxş deyildi.

Yol dərdindən Laçının coğrafiyası da, insanları da kəşf olunmamış qaldı. Söhbət təkcə təbii gözəlliklərdən getmir. Qayalıqlarda çoxla mağaralar, qəribə yazılar, işarələr vardı. Tarixçilərdən soruşmuşam, heç biri ciddi şəkildə tədqiq olunmamışdı. Doğrudur, qışı sərt keçən bu coğrafiyada qədim insanların yaşama ehtimalı az idi, lakin ilin isti fəsillərində ov və meyvə dalınca insan dəstələrinin gəldiyini istisna etmək olmaz. Üstəlik, yaylaq üçün, heyvan sürülərini saxlamaq üçün. Axı heyvandarlıq əkinçilikdən sonra ən qədim peşə idi.

Hətta bu coğrafiyada əkinçiliyin də inkişaf etdiyini göstərən dəlillərə rast gəlmək olar. Dağların yaxasında taxta-taxta düzənliklərə rast gəlirdik. Bu yerlərin əkinçilik üçün məxsusi hazırlandığını, daş-kəsəkdən təmizləndiyini, sərt dikdirlərin düzəldildiyini ehtimal etmək çətin deyildi.

Dağ rayonları qonaqpərvər olur. Səbəb təkcə insanların yüksək mənəvi keyfiyyətə malik olması deyildi, həm də yol idi. Yol narahat olduğundan adam az gəlirdi və bu dünyada az olan hər şey qiymətlidir.

Yola görə Laçının ucqar kəndləri məktəb, xəstəxana və mağaza sarıdan da əziyyət çəkirdi. Tikinti materialı daşıyan iri maşınlar, texniki qurğular kəndlərə girə bilmirdi. Yadımdadır bizim kənddə (Ağbulaq) modern məktəb tikintisi başlayanda, maşın və texnikanın hərəkəti üçün bir çox məhəllələrin hasarını uçurmalı oldular. Bəlkə elə yol narahatlığına görə həmin tikili tam başa gəlməmiş rayon işğal olundu. Lakin iki mərtəbəsi tikilmişdi. Hal-hazırda həmin binada ərazinin sərhəd zastavası yerləşir.

Yol – mədəniyyətdir. Sovet zamanında hər yerə bu şüarı vururdular, lakin Laçının onlarla kəndi yol üzünə həsrət idi. Elə bil adamları ələ salırdılar. Demək istəyirdilər ki, sizin mədəniyyətiniz yoxdur. Halbuki Laçın bölgəsi xalq cümhuriyyətinə iki nazir bəxş eləmişdi. O çətinliyin içində nə qədər savadlı, böyük, istedadlı adamlar yetişmişdi.

Laçında yolsuzluqla bağlı çoxlu kədərli əhvalatlar vardı. Arada lətifələr də düzəldirdilər. Bunların biri belə idi. Bir gün qış vaxtı ucqar kəndlərdən birinin məktəb direktoru rayon mərkəzinə maarif iclasına gedirmiş. Uzun, üzücü və çətin yolu üç-dörd saata qət edib Laçın şəhərinin yuxarı poçtuna çatanda, bir kəndçisinin təkərinə zəncir bağlanmış “Niva” ilə kəndə getdiyini görür. Avtobusdan düşüb kəndçisinin yanına minir və üzünü iclasa gedən müəllim yoldaşına tutub deyir: “Müdirə deyərsən, gəlmişdi, rast maşın düşdü, qayıtdı!”

Laçın rayonu işğaldan azad edildikdən sonra təmir-bərpa işləri başlayanda mənim ən çox diqqətimi çəkən yollar oldu. Bir çox yerlərə ermənilər də enli, rahat yollar çəkmişdi, lakin bu yollar rayonun kəndlərini və təbiətini talamaq üçün çəkilmişdi.

Biz dağlara yolu kəndlərimizi abadlaşdırmaq üçün çəkdik.

Atla üç-dörd saata getdiyimiz yaylaqlara indi altı ən aşağı maşınlarla on-on beş dəqiqəyə gedirik.

Görünür, yol çəkilməsinin elmi də xeyli kamilləşib. Əvvəllər dərəyə-təpəyə düşən, iri daşlıqlardan keçən yollar indi daha rahat yerlərlə uzanıb gedir. Baxırsan və barmağını dişləyirsən: niyə sovet vaxtı buralarla hərəkət etmək heç kimin ağlına gəlməyib? Sonra anlayırsan. Texnika da yox idi o vaxt. Mən biz tərəflərdə uzaq başı “DT-75” traktorunu görmüşəm, onun da dağlarda yol çəkmək gücü yox idi. Haranısa kürüyüb düzəldə, bağlanan yolu aça bilərdi, lakin dağın daş-kəsəkli sinəsi ilə cığır aça bilməzdi.

Sən demə, yol təkcə mədəniyyət deyilmiş, həm də müqəddərat imiş.

Bizimkilər bu həqiqəti vaxtında anladılar, ən ucqar postlara belə yollar çəkildi.

İndi yay-qış Minkənd və Qarakeçdidən Kəlbəcər üzə asanlıqla gedə bilirsən. Əlbəttə, qalın qar mövsümü istisnadır. Çünki külək yolları doldura bilir. Lakin bu vaxt da müvafiq maşın və texnika öz işini görür, hərəkət bərpa olunur.

Laçının yol layihələrindən xəbərim var. Yaxın beş-on il ərzində adamlar səhər bizim kəndlərdən tunellərlə gedəcək, Gəncədən bazarlıq edib günorta geri qayıdacaq.

Rahat yollar bölgədə yay və qış turizmini ağlagəlməz səviyyədə yüksəldəcək.

Bəs bu gün nələr görürük? Yalnız atla və ya piyada getdiyimiz əraziyə qardaş Türkiyənin prezidenti və Pakistanın baş naziri təyyarə ilə enir. Azərbaycan üçün kəşf olunmamış qalan Laçın MDB-nin mədəniyyət paytaxtı kimi dünyanın dörd bir yanından gələn qonaqlara ev sahibliyi edir.

Yollar bizi yerdən də, göydən də Zəngəzur dağlarına çağırır!

Abad və rahat yol hər şeydən əvvəl vətənin bütövlüyünün qarantıdır.

Daha sonra insana və təbiətə nə lazımdırsa odur.

Yol – həyatdır!

SON XƏBƏRLƏR