Böyük Qayıdış proqramı çərçivəsində öz yurduna köçürülərək məşğulluğu təmin edilən vətəndaşlarımızdan biri də Pərviz Qasımovdur.
8 yaşında tərk etməyə məcbur qaldığı doğma Şuşaya 30 illik həsrətdən sonra qovuşan Pərviz Qasımov Dövlət Məşğulluq Agentliyinin vasitəsilə "Facility Management Group" MMC-də texnik olaraq işlə təmin edilib.
Şuşadan məlum səbəblər üzündən ayrılanda Pərvizin 8 yaşı olub. Özü haqqında belə deyir: "30 il Şuşanın həsrətində olmuşuq. O zaman mən ikinci sinifdə oxuyurdum. Biz şuşalı günlərimizin xatirələri ilə yaşamışıq. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı versin. Prezidentimizə uzun ömür versin ki, bizə bu gözəl günü yaşatdılar. Bura köçəndən sonra Dövlət Məşğulluq Agentliyinə müraciət elədim. Onlar da sağ olsunlar müraciətimə cavab verdilər. Məşğulluq Agentliyinin vasitəsilə "Facility Management Group" MMC-də texnik olaraq işə başladım. Hal-hazırda işimi qürurla davam etdirirəm. Çalışıram ki, işimin öhdəsindən layiqincə gəlim. Burda hər şey ürəyimcədir, müdriyyətimizdən də çox razıyam".
Qeyd edək ki, bu cür tədbirlər, Böyük Qayıdış prosesinin uğurla reallaşdırılması, azad edilmiş ərazilərdə dayanıqlı məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Tahirə AĞAMİRZƏ