1862-ci ildə Londonda keçirilən Ümumdünya ipəkçilik sərgisində basqallı toxucu Nəsir Abduləzizoğlu özünün hazırladığı nəfis kəlağayı və Qanovuz parçaya görə gümüş metal və xüsusi diplomla mükafatlandırılıb. Dövlət Turizm Agentliyinin tabeliyində olan “Basqal” Dövlət Mədəniyyət-Tarix qoruğu və Şəkinin “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğunda kəlağayı sənətinin yaşadılması və təbliği üçün müxtəlif tədbirlər həyata keçirilir. Ölkə daxilində turizm şirkətləri tərəfindən “Kəlağayı turları” təşkil olunur. Hər iki qoruğa gələn turistlər mütləq ipəkçiliyin inkişafı, kəlağayının hazırlanması haqqında məlumat alırlar, örtüyü hazırlayan sənətkarların işini şəxsən müşahidə edirlər. Basqalda İpək mərkəzinin nəzdində də Kəlağayı muzeyi var. Bu məkan da turistlərin marağını cəlb edir. Muzeydə kəlağayının hazırlanması, qəlibləmə, boyama proseslərini izləmək mümkündür. Hər il Kəlağayı günündə Şəki və Basqaldakı ipək mərkəzlərində sənətkarların müxtəlif təqdimatları keçirilir. Kəlağayı sənətinin yaşadılması, bu sənət növünün yeniyetmə və gənclər arasında təbliğatını aparmaq məqsədilə Şəki muzeyləri tərəfindən tez-tez gənclər üçün təlimlər təşkil olunur.
Azərbaycanın Şanlı Vətən Müharibəsindəki böyük Zəfərindən sonra kələğayımıza xarıbülbül naxışları daha çox yaraşır. Xanımlar işğaldan azad edilmiş doğma torpaqlara çox vaxt bu cür kələğayı ilə gedirlər.
Qeyd edək ki, 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni irs üzrə Hökumətlərarası Komitəsinin keçirilən iclasında "Kəlağayı simvolizmi və ənənəvi sənəti" adı ilə UNESCO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına" daxil edilib.
Hazırladı: Mina RƏŞİD