19.08.2025, 18:49
AZ EN
27.07.2023, 08:06 406

Ögey ananı tamaşaçıya sevdirən Nəcibə Məlikova

XƏBƏRLƏR
  • Bu gün Azərbaycan kinosunun ulduzu, Xalq artisti Nəcibə Məlikovanın anım günüdür.

O, 1921-ci il oktyabrın 25-də Bakının Buzovna kəndində anadan olub. 1943-cü ildə Bakı Teatr Məktəbində Xalq artisti Fatma Qədrinin sinfini bitirərək Gəncə Dövlət Dram Teatrına üz tutub. Burada bir neçə tamaşada çıxış etdikdən sonra Bakıya qayıdıb və yeni təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olaraq 1951-ci ildə oranı bitirib. Təhsil aldığı illərdə Akademik Milli Dram Teatrının tamaşalarında epizodik rollar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib.

Nəcibə Məlikova Azərbaycan və dünya dramaturqlarının əsərlərinin səhnə həyatında rol alıb. Eyni zamanda, kinoda bir sıra uğurlu rollar ifaçısı kimi yadda qalıb. Onların sırasında “Ögey ana” filmində Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır?”da Nərgiz xala rollarının ifası aktrisanı tamaşaçıların sevimlisinə çevirib.

Deyilənlərə görə, “Ögey ana” filmindəki Dilarə rolu Nəcibə xanımın öz taleyinə bənzəyir. Film ekranlara çıxandan sonra keçmiş SSRİ-nin bütün şəhərlərindən Nəcibə Məlikovanın adına yüzlərlə məktub ünvanlanaraq onun ifa tərzi haqqında geniş fikir mübadiləsi aparılıb. Aktrisanın oynadığı ögey ana rolu yaxşı mənada müzakirəyə çıxarılıb.

Nəcibə Məlikova məlahətli, emosional, lirik-dramatik aktrisa idi. Mənən saf qəlbli qəhrəmanları, məhəbbət yolunda mürəkkəb vəziyyətlərdə  kövrək, ancaq xeyirxah insanların köməyi ilə mətanətini qoruyub saxlayan personajları uğurla oynayıb. Aktrisanın yumorunda da həzin və kövrək lirizm üstünlük təşkil edib.

Ümumiyyətlə Azərbaycan kino və teatr sənəti tarixində müstəsna xidmətləri olan Nəcibə Məlikovanın oynadığı rollar böyük tamaşaçı rəğbəti qazanıb.

O da təsadüfi deyil ki, aktrisa teatra nə qədər çox bağlı olsa da, onun kino yaradıcılığı tamam fərqli bir xətt üzrə inkişaf edib. Kino onun həyatının bir parçasına çevrilib.

Kino və teatr sahəsində xidmətlərinə görə aktrisa 1959-cu ildə Azərbaycanın Əməkdar artisti, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Görkəmli sənətkar 1992-ci il iyulun 27-də vəfat edib və İkinci Fəxri xiyabanda dəfn olunub.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər