Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq üslubu ilə seçilən ədəbiyyatımıza “Son eksponat”, “Toy toğlusu”, “Ölülər yalan danışmır”, “Mis qazan”, “Talada”, Ümid“, “Xınalıq, “Xallı maraq”, “Toy dəvətnaməsi” kimi dəyərli hekayələrin, ”Çaldıran döyüşü”, “Xudafərin körpüsü”, “Təbriz namusu”, “Qoca qartalın ölümü”, “Qanlı aşırım” kimi önəmli əsərlər bəxş etmiş Fərman Kərimzadənin doğulduğu gündən 86 il keçir...
O, 1948-1953-cü illər deportasiyasının qurbanı olmuşdu, soydaşlarımızın 1988-ci ildə qaçqınlıq taleyinə heç cürə dözə bilmirdi. Bir dəstə qaçqını da götürüb, Moskvaya getmiş, həqiqəti Kremlə çatdırmışdı.
1989-cu il mart ayının 17-də elə qaçqınların arasındaca ürəyi partlayıb şəhid oldu. Bəli, Fərman Kərimzadə şəhid ömrü yaşayır.. Əslində, Fərman Kərimzadə şəhid oldu!
Tanınmış yazıçımız Yeganə Kərimzadə atası haqqında yazır:
-Bu gün dünyaya gəlmişdi Fərman Kərimzadə, canım atam. Xüsusi qeyd etmələri sevməsə də anam, üç qızı pərvanə olub dayanmadan hazırlıqlar görərdik onun doğum günü üçün. Qonşu qadınlar da bizə qoşulardı. Bilirdik ki, axşama ev dolu olacaq, gələnləri çağırmağa ehtiyac yox idi hamı 3 mart gününün Fərman günü olduğunu bilirdi, özündən başqa. Özü çox vaxt unudardı bu günü, amma etdiklərimizi görəndə sevinirdi, çünki dostları, insanları çox sevirdi. Bu səbəbdən evimiz həmişə qonaqlı qaralı olardı. Kimlər olmamışdı o evdə. Xatirələrimi oyatmağa belə qorxuram, o səslər yenidən əks səda verib, geri, ata ocağımıza səsləyir... İnanıram ki, o ocaqlarımıza yenidən qayıdacağıq. Atamın nigaran ruhu isə o zaman sevinəcək.
Tahirə AĞAMİRZƏ