44 günlük Vətən müharibəsində minlərlə Şəhid və qazilərimiz canı və qanı bahasına düşməni müqəddəs torpaqlarımızdan əzib çıxardılar. Belə igid qazilərimizdən biri olan, əslən Laçın rayonundan didərgin düşən Mehdiyev Ceyhun Müşfiq oğludur. O , 21 aprel 1999-cu ildə Sumqayıt şəhərində anadan olub. Sonra ailəsi Qəbələ rayonunda məskunlaşıb və 2006-ci ildə Ceyhun burada 1 saylı tam orta məktəbə qəbul olunub, 2019-cu ildə təhsilini başa vurub. Elə həmin ilin 01 iyulunda həqiqi hərbi xidmətə çağırılıb və iki il Vətənə layiqincə öz borcunu verib. Söhbət zamanı C.Mehdiyev dedi ki, Vətən müharibəsi mənim xidmət dövrümə düşdüyündən həmlə taborunun tərkibində 27 sentyabr 2020-ci ildə döyüşə qatılmışam, Talış, Suqovuşan, Ağdərə, Laçın istiqamətində vuruşmuşam. Oktyabr ayının 2-də yaralansam da yenidən döyüşə qayıtmışam. Bütün cəbhə boyu qanlı döyüşlər gedirdi, gözümün qabağında 62 nəfər şəhid oldu: Bürcəliyev İlqar, Hüseynov Raqib, Abdullayev Elməddin, Aslanov Xəyal və başqaları. 2021-ci il iyulun 1-də ordudan tərxis olunmuşam. Səhhətimlə bağlı işləmirəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Cəsur döyüşçü ", "Vətən muharibəsi iştirakçısı" medalları ilə təltif olunub.
İsa Musayev