28.06.2025, 20:02
AZ EN
15.12.2022, 08:37 301

Akademik Həsən Əliyevin doğum günüdür

XƏBƏRLƏR
  • Bu gün akademik Həsən Əlirza oğlu Əliyevin doğum günüdür.

O, 1907-ci il dekabr ayının 15-də Qərbi Azərbaycanın Zəngəzur mahalının Comərdli kəndində anadan olub. 1917-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qırğın nəticəsində Həsən Əliyevin ailəsi də qaçqın düşüb. Naxçıvana gəldikdən sonra 1917–1924-cü illərdə müxtəlif işlərdə işləyib. O, 1925-ci ildə kənd axşam məktəbinə daxil olub. 1930-cu ildə isə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu bitirib. 1929-cu ildə Naxçıvan Pambıq birliyində və Azpambıqbirliyinin Gəncə dairəsi üzrə təlimatçısı vəzifələrində çalışıb. O, 1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olub və 1932-ci ildə oranı bitirib. İnstitutda qiyabi oxumaqla yanaşı o, Gəncə şəhərindəki Qarayeri sovxozu məktəbində müəllim işləyib. 1932-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitunun aspiranturasına daxil olub və 1934-cü ildə oranı bitirib.

1934-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Pambıqçılıq İnstitutunun Ucar rayonu mərkəzində yerləşən Şirvan Zona-Təcrübə Stansiyasının direktoru vəzifəsinə təyin edilib. İki il orada işlədikdən sonra keçmiş SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Torpaqşünaslıq bölməsinin elmi işçisi vəzifəsinə işə götürülüb və eyni zamanda həmin bölmənin elmi katibi vəzifəsini də icra edib (1935–1941-ci illər). 1935-cı ildə o, Ümumittifaq Torpaqşünaslıq Cəmiyyətinin üzvlüyünə qəbul edilib. Elmi-tədqiqat işi ilə yanaşı, ali məktəblərdə də dərs deməyə başlayıb. 1939-cu ildə keçmiş Ümumittifaq Coğrafiya Cəmiyyətinin üzvlüyünə daxil olub.

1941-ci ildə könüllü olaraq ordu sıralarına gedib. 1943-cü ildə Şimali Qafqazda alman faşist işğalçıları ilə qızğın vuruşda ağır yaralandıqdan sonra Bakıya qayıdıb. Uzun sürən müalicədən sonra yenidən keçmiş SSRİ EA Azərbaycan filialına işə qəbul edilib və həmin il (1943) Coğrafiya bölməsinə rəhbərlik etməyə başlayıb. 1944-cü ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi alıb.

1944-cü ildə Torpaqşünaslıq və Aqrokimya bölməsinə elmi işlər üzrə direktor müavini təyin edilib. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təşkil olunduqda, həmin bölmə instituta çevrildiyindən, 1949-cu ilə qədər həmin institutda direktor müavini vəzifəsində işləyib.

1945-ci ildən yenidən APİ-nin (indiki ADPU) coğrafiya fakültəsinə baş müəllim vəzifəsinə dəvət edilib, həmin institutda 1949-cu ilə qədər çalışıb.

1946–1962-ci illərdə Ümumittifaq Torpaqşünaslıq Cəmiyyətinin Azərbaycan filialının sədri olub. 1949–1952-ci illər AMEA Botanika İnstitutunun direktoru vəzifəsində çalışarkən İnstitutun inkişafında böyük işlər görüb. Kənd təsərrüfatı elminin müxtəlif sahələrini hərtərəfli bilməsi və yüksək təşkilatçılıq qabiliyyətinə malik olması sayəsində 1952-ci ildə Azərbaycan Kənd Təsərrüftı Nazirinin birinci müavini və həmin il Azərbaycan KP MK katibi vəzifələrinə irəli çəkilib.

1952-ci ildə Azərbaycan EA-nın akademik-katibi vəzifəsini icra edib və həmin ildə də Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

H.Əliyev AEA-nın akademik-katibi, Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Meşə torpaqlarının coğrafiyası” şöbəsinin rəhbəri, 1968-1987-ci illərdə AEA Coğrafiya İnstitutunun direktoru, 1987-ci ildən ömrünün sonuna kimi isə direktorun məsləhətçisi olub.

H.Əliyevin əsas tədqiqat sahəsi meşə torpaqlarının coğrafiyası, respublika torpaq xəritələrinin hazırlanması, ekoloji problemlərin həlli, quru meliorasiyanın inkişafı və Azərbaycan Respublikasının bioloji, ekoloji problemlərinin beynəlxalq aləmdə təbliğ edilməsi olub. Alim meşəçilik elminin inkişafına geniş yer vermiş, Azərbaycanda 40 min hektardan artıq meşə altından çıxmış torpaqlardan daha səmərəli istifadə etməyin yollarını müəyyənləşdirib. İlk dəfə dağ yamaclarında az istifadəli torpaqlarda quru fitomeliorasiya işlərinin həyata keçirilməsinin elmi təşkilini uzun illər araşdırıb və ömrünün sonuna qədər həmin tədqiqatları davam etdirib.

H.Əliyev 6 monoqrafiya, 13 kitab, 300-dən çox elmi, 189 elmi-kütləvi məqalənin müəllifi, 50-dən çox xəritənin həmmüəllifi və redaktorudur.

H.Əliyev öz elmi fəaliyyəti dövründə Afrika, Asiya, Amerika, Avstra­liya qitələrində, o cümlədən, Yunanıstan, ABŞ, Kanada, Rumıniya, İsveçrə, Macarıstan, Yaponiya, Qərbi Almaniya və s. ölkələrdə keçirilən elmi konqreslərdə, simpoziumlarda iştirak edib.

H.Əliyevin rəhbərliyi ilə 5 elmlər doktoru, 20-dən artıq fəlsəfə doktoru yetişdirilib. H.Əliyev «Azərbaycan təbiəti» jurnalının yaradıcısı və baş redaktoru, coğrafiya üzrə bir sıra problemlər üzrə elmi şuraların üzvü, Azərbaycan Coğrafiya Cəmiyyətinin, Təbiəti Mühafizə Cəmiyyətinin prezidenti, Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiya heyətinin üzvü olub.

H.Əliyev elmdə xidmətlərinə və ictimai-siyasi fəaliyyətinə görə «Lenin» ordeni, «Qırmızı Əmək Bayrağı» ordeni, «Şərəf nişanı» ordeni, “Oktyabr inqilabı” ordeni, Vavilov adına qızıl medal və b. yüksək dövlət mükafatlarına layiq görülüb, bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinə deputat seçilib. 1974-cü ildə elmdə xidmətlərinə görə ona Respublikanın Əməkdar elm xadimi adı verilib, 1978-ci ildə təbiətin mühafizəsi və Azərbaycanın təbii ehtiyatlarından səmərəli istifadə üzrə kompleks işlərinə görə Respublika Dövlət Mükafatına layiq görülüb.

Akademik Həsən Əliyev 1993-cü ildə Bakıda vəfat edib və xalqın ehtiramı ilə Fəxri Xiyabanda dəfn olunub.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər