Layihənin rəhbəri institutun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayevadır. Layihənin icrasında institutun aparıcı mütəxəssisləri iştirak edir.
Layihənin rəhbəri R.Abdullayevanın sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə industrial əsaslı kənd təsərrüfatı sisteminin qurulması həmin bölgələrin iqtisadi dirçəlişi üçün mühüm əhəmiyyət daşıyır. Bu yanaşma müasir texnologiyaların tətbiqi ilə məhsuldarlığın artırılmasına, resurslardan səmərəli istifadəyə və ixrac potensialının genişlənməsinə şərait yaradır. Eyni zamanda, yeni iş yerlərinin yaradılması və əhalinin geri qayıdışının stimullaşdırılması, dayanıqlı məskunlaşmanın təmin olunması baxımından da xüsusi rol oynayır. Bu cür layihələr regionun dayanıqlı inkişafını təmin etməklə ölkə iqtisadiyyatına töhfə verir.
O, vurğulayıb ki, layihə çərçivəsində industrial əsaslı kənd təsərrüfatı sisteminin nəzəri və konseptual əsasları hazırlanacaq, işğaldan azad edilmiş ərazilərin aqrar-sənaye potensialı qiymətləndiriləcək, post-konflikt ərazilərdə industrial kənd təsərrüfatı modeli formalaşdırılacaq, həmin bölgənin inkişaf perspektivləri üzrə təklif və tövsiyələr veriləcək.
Mina RƏŞİD