Dövlət İmtahan Mərkəzinin Bərdə regional bölməsindən bildirilib ki, buraxılış imtahanı Xankəndi şəhəri 4 nömrəli, Xocalı şəhəri 1 nömrəli, Şuşa şəhəri 1 nömrəli, Laçın şəhəri 2 nömrəli, Kəlbəcər şəhəri 1 nömrəli, Ağdam rayon Kəngərli kənd tam orta məktəblərdə təşkil olunub.
İşğaldan azad olunan ərazilərdə 6 binada keçirilən imtahanlarda ümumilikdə 105 şagirdin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 6 bina nümayəndəsi, 6 imtahan rəhbəri, 8 zal nəzarətçisi cəlb edilib.
İmtahan bütün binalarda eyni vaxtda başlayıb və 3 saat davam edib. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Qeyd edək ki, Kəlbəcər şəhəri 1 nömrəli və Ağdam rayon Kəngərli kənd tam orta məktəblərdə buraxılış imtahanları bu il ilk dəfə keçirilib. (AZƏRTAC)