Ölüm-dirim savaşında igidliklə döyüşən qəhrəmanlarımızdan biri də 22 iyul 1988-ci ildə Xocavənd rayonunun Kuropatkin kəndində anadan olmuş Ruslan Vahidcan oğlu Mirzəliyevdir. Rayonun işğalı ilə əlaqədar olaraq Bakı şəhəri, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində məskunlaşıblar. Buradakı 290 saylı məktəbi oxuyub başa vurandan sonra 2012-ci ildən Silahlı Qüvvələrdə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Ruslan onu da bildirdi ki, kəşfiyyat manqa komandiri kursunu bitirib üç il Gədəbəydə kəşfiyyat bölüyündə, sonra isə Beyləqan hərbi korpusunun 702 saylı hərbi hissəsində kəşfiyyatçı kimi xidmətini davam etdirib. Vətən müharibəsi başlayan andan Füzuli, Cəbrayıl, Xocavənd rayonları istiqamətində döyüşlərə qatılıb. Müzəffər ordumuz düşmənin belini qırıb, onları it kimi qovurdu. 17 günlük döyüş yolu keçən Ruslan 14 oktyabr 2020-ci ildə Hadrutda düşmənin artilleriya atəşi nəticəsində qapalı kəllə-beyin travması alıb. Onu Bakyya Mərkəzi Klinik Hospitala göndəriblər. Uzun müddət danışa və eşidə bilməyib. Hospitalda aparılan müalicə nəticəsində bərpa olunub və 2021-ci ilin iyununda qazi kimi tərxis olunub və 3-cü qrup əlildir.
R.Mirzəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü”, “Azərbaycan Ordusunun 100 iliik yubiley medalı”, “10 illik qüsursuz xidmətə görə 3-cü dərəcəli medal”, “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
İsa MUSAYEV