06.03.2026, 05:28
AZ EN
18.12.2025, 12:37 219

Bu gün Beynəlxalq Miqrant günüdür

XƏBƏRLƏR
  • 1990-cı il dekabrın 18-də BMT Baş Məclisi tərəfindən “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiya qəbul edilib. Bu Konvensiya Azərbaycan Respublikası Milli Məclisinin 1998-ci il 11 dekabr tarixli qanunu ilə ratifikasiya olunub. 2000-ci ildən etibarən dekabrın 18-i dünyada Beynəlxalq Miqrant Günü kimi qeyd olunur.

Statistik məlumatlara görə, dünyada bir milyarddan çox miqrant var. Onların 250 milyonu beynəlxalq miqrantlar, yəni, başqa ölkələrə, 750 milyonu isə ölkələrinin daxilində miqrasiya edənlərdir. Proqnozlar göstərir ki, 2030-cu ildə dünya əhalisinin 60 faizi şəhərlərdə məskunlaşacaq. Hazırda bəşəriyyət İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın və məcburi köçkün axınına şahid olur.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında 18 Dekabr - Beynəlxalq Miqrant Günü ərəfəsində Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər Müvəqqəti Yerləşdirmə Mərkəzinə və Yevlax rayon Müvəqqəti Yerləşdirmə Mərkəzinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilib.

BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmələrin məqsədi müəssisədə əcnəbilər üçün yaradılan şərait və rəftar məsələlərinin, sənədləşmənin aparılması vəziyyətinin, eləcə də əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyətinin öyrənilməsi olub.

Başçəkmələrin yekununda müvafiq müəssisələrin rəhbərliyi və əməkdaşları ilə milli və beynəlxalq qanunvericilik əsasında miqrantların hüquqlarının daha effektiv təmini ilə bağlı maarifləndirici söhbətlər aparılıb, sənədləşmənin aparılması işinin və saxlanma şəraitinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər