Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Emil Rafael oğlu Qurbanovun doğum günüdür. O, 10 dekabr 1999-cu ildə Ağdam rayonunun Çəmənli kəndində anadan olub. 15 sentyabr 2007-ci ildə Ziyəddin İsgəndərov adına məktəbin 1-ci sinfinə daxil olub, 2017-ci ildə həmin məktəbi bitirib. 2018-ci ildə Naxçıvan rayonunda N saylı hərbi hissənin kəşfiyyat taborunda snayperçi kimi Vətənə xidmət edib. 2019-cu ildə həqiqi hərbi xidmətini başa vurub.
E.Qurbanov 2020-ci ilin avqust ayında N saylı hərbi hissədə XTQ bölməsində yenidən Vətənə xidmətə başlayıb. 2020-ci il sentyabrın 27-si Vətən müharibəsinə könüllü olaraq yollanıb. O, Suqovuşan və Murovdağ istiqamətlərində gedən qanlı döyüşlərdə mərdliklə vuruşub. İgid döyüşçü “Mübariz postu” daxil olmaqla 22 postun azad edilməsində şücaətlər göstərib. Düşmənin 50-dən çox canlı qüvvəsini snayperle məhv edib.
Emil Rafael oğlu Qurbanov oktyabrın 10-da Suqovuşandakı 951 yüksəkliyinin azadlığı uğrunda gedən döyüşdə düşmənin tank mərmisindən açılan atəş nəticəsində qəlpə yarası alaraq şəhadətə yüksəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və " Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD