Bu gün torpaqlarımız uğrunda canından keçmiş, igid Vətən oğlu, şəhid Mehdizadə Mirpaşa Yaqub oğlunun doğum günüdür. O, 1994-cü il dekabr ayının 4-də Bərdə rayonunun Qayalı kənidndə anadan olub. Mirpaşa orta təhsilini Əhliman Qasımov adına Qayalı kənd orta məktəbində alıb. Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissələrdən birində əsgər kimi Vətənə xidmət edib. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra Mirpaşa yenidən, 2020-2023-cü illərdə Azərbaycan Ordusunda MAXE kimi Vətənə qulluq edib.
Mirpaşa Mehdizadə İkinci Vətən Müharibəsində mərdliklə vuruşub. Ağdərə-Suqovuşan istiqamətində ağır yaralanıb, kəllə-beyin travması alıb, müalicədən sonra, oktyabr ayının sonlarında yenidən döyüşlərə qatılıb.
İgid döyüşçü 44 günlük Vətən Müharibəsində göstərdiyi şücaətlərə görə “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Mirpaşa Mehdizadəv Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz doğma kəndlərində böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Mirpaşa Mehdizadə ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD