Bu gün Şanlı Vətən Müharibəsinin qəhrəman şəhidi Elnur Sərdar oğlu Quliyevin doğum günüdür. O, 3 dekabr 1989-cu ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. Elnur rayonda orta məktəbi bitirib və hərbi xidmətə yola düşüb. Sonra isə müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmət edib.
Azərbaycan Ordusunun əsgəri olan Elnur Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edərək şücaətlər göstərib. Füzulinin azadlığı uğrunda gedən qanlı döyüşlərdə ağır yaralanıb.
Elnur Quliyev döyüşlərin ən qızğın, həlledici məqamlarında - 27 sentyabr 2020-ci ildə qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz doğma Beyləqan rayonunda böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elnur Quliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!
Mina RƏŞİD